Noyabrın 8-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində “Qeyri-həyat sığortasında hüquqi risklər və peşəkar müdafiə mexanizmləri” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayaraq 8 Noyabr – Zəfər Günü münasibəti ilə təbrik edib və təlim mövzusunun aktuallığı ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Faiq Nağıyev və partnyorları" Vəkil Bürosunun vəkili, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsində hüquq məsələləri üzrə baş məsləhətçisi Səbuhi Paşayev sığorta ilə bağlı əsas anlayışlar, sığorta müqaviləsinə dair başlıca tələblər, Azərbaycan Respublikasında Sığorta Qanunvericiliyi, o cümlədən icbari və könüllü sığorta, icbari sığorta məbləği, qeyri-həyat sığortasında mübahisələrin məhkəmə yolu ilə həlli və digər praktiki məsələlər barədə ətraflı çıxış edib.
Sonda vəkilləri maraqlandıran suallar cavablandırılıb, müxtəlif kazuslar müzakirə edilib.
Qeyd edək ki, təlimdə 63 vəkil iştirak edib.


