“Azərbaycan Respublikasında məhkəmə
ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”ya
uyğun olaraq, özəl məhkəmə ekspertizası institutunun tətbiqi imkanlarının
qiymətləndirilməsi məqsədilə Ədliyyə Nazirliyi və Vəkillər Kollegiyası
tərəfindən vəkillər arasında birgə onlayn sosioloji sorğu keçirilib.
Sorğunun əsas məqsədi bu sahədə mümkün
risklərin qiymətləndirilməsi, mövcud təşkilati və metodiki çatışmazlıqların
müəyyən edilməsi, həmçinin praktikada daha çox ehtiyac duyulan ekspertiza
sahələrinin dəqiqləşdirilməsi olub.
Sorğuda iştirak edən vəkillərin
82,1%-i mülki, 51,4%-i cinayət, 46,4%-i isə inzibati və kommersiya mübahisələri
sferasında daha çox fəaliyyət göstərən vəkillərdir. Statistikaya əsasən,
respondentlərin 83,2%-i fiziki şəxslərin, 49,7%-i hüquqi şəxslərin (şirkətlərin),
6,1%-i dövlət orqanlarının hüquqlarını müdafiə edir, 17,9%-i isə dövlət
hesabına hüquqi yardım göstərir.
İş stajına görə respondentlərin
24,6%-i 5 ilədək, 17,9%-i 6-10 il, 21,2%-i isə 11 ildən çox təcrübəyə
malikdirlər.
Sorğunun nəticələrinə əsasən
vəkillərin 40,3%-i il ərzində orta hesabla 15-50 aralığında məhkəmə
ekspertizasının təyin edilməsi barədə vəsatət verir ki, bu da ədalət
mühakiməsinin həyata keçirilməsində ekspertiza institutunun mühüm əhəmiyyətini
bir daha təsdiq edir.
Sorğu çərçivəsində respondentlər
məhkəmə ekspertizası fəaliyyətinin mövcud vəziyyətini qiymətləndirib, həmçinin
özəl ekspertiza institutunun tətbiqinin mümkün nəticələri və perspektivləri ilə
bağlı mövqelərini ifadə ediblər.
Sorğunun nəticələri göstərir ki,
vəkillər özəl məhkəmə ekspertizası institutunun tətbiqinin bir sıra müsbət
təsirlərə səbəb ola biləcəyini ehtimal edirlər. Belə ki, 45,8% respondent
ekspertizanın icra müddətlərinin qısalacağını, 49,2% ekspert rəylərinin keyfiyyətinin
yüksələcəyini, 58,7% bu sahədə rəqabət mühitinin formalaşacağını, 48% ekspert
rəylərinə etimadın artacağını mümkün hesab edir.
Bununla yanaşı, respondentlər özəl
məhkəmə ekspertizası institutunun tətbiqi nəticəsində mümkün ola biləcək
müəyyən riskləri də qeyd ediblər. Belə ki, 34,1%-i tərəflər arasında prosessual
bərabərsizliyin yarana biləcəyini, 32,4%-i maraqların toqquşmasını orta ehtimal
kimi dəyərləndirib.
Sorğunun mühüm hissələrindən biri
məhkəmə ekspertizası sahəsində ehtiyac duyulan istiqamətlərin müəyyən edilməsi
olub. Sorğunun nəticələrinə əsasən aşağıdakı ekspertiza sahələri yüksək və çox
yüksək ehtiyac duyulan istiqamətlərdir:
• yol-nəqliyyat hadisələri üzrə ekspertiza (70,9%)
• məhkəmə tikinti-texniki ekspertizası (69,3%)
• məhkəmə-mühasibat ekspertizası (62,6%)
• məhkəmə-əmtəəşünaslıq ekspertizası (59,2%)
• məhkəmə-psixoloji ekspertizası (57%)
• audio və videoyazıların məhkəmə ekspertizası (56,4%)
• məhkəmə kompüter-texniki ekspertiza (54,2%)
“Məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Qanunun 21-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki
Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində nəzərdə
tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və
nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını
sifariş vermək üçün özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna
malikdirlər.
Bundan əlavə, açıq sual formatında
respondentlər siyahıda yer almayan, lakin zəruri hesab etdikləri sahələri də
qeyd ediblər. Bu istiqamətdə aşağıdakı ehtiyaclar xüsusilə vurğulanıb:
• məhkəmə-psixiatrik ekspertiza xidmətlərinin inkişafı;
• məhkəmə-ballistik, trasoloji və narkoloji ekspertizalar;
• məhkəmə-tibb ekspertizası sahəsində özəl məhkəmə ekspertizası
institutunun formalaşdırılması.
Sorğunun nəticələri məhkəmə
ekspertizası sahəsində islahatların həyata keçirilməsi, özəl məhkəmə eksperti
institutunun fəaliyyətə başlaması və məhkəmə ekspertizasının müasir tələblərə
uyğun şəkildə təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Eyni zamanda, əldə olunan nəticələr normativ-hüquqi bazanın
təkmilləşdirilməsi və institusional inkişaf istiqamətlərinin
müəyyənləşdirilməsi üçün əsaslı zəmin yaradır.