Vəkillər Kollegiyasının üzvləri və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 22 may 2026-cı il tarixində Mərkəzlərin psixoloq, sosial işçilərinin birgə iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib.
“Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi, İsmayıllı rayonunun Cülyan, Qəbələ rayonunun Uludaş, Ağdam rayonunun Birinci Quzanlı, Goranboy rayonunun Xanqərvənd, Hacıqabul rayonunun Navahı, Saatlı rayonunun Məmmədabad, Sabirabad rayonunun Quruzma, Zaqatala rayonunun Yuxarı Tala, Göygöl rayonunun Sarısu kənd və qəsəbələrini əhatə edib.
“Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətləri (psixoloji konsultasiya, Denver II qiymətləndirmə testi), Mərkəzlərlə əməkdaşlıq, boşanma, ailədaxili məsələlərin tənzimlənməsi, maarifləndirmə tədbirlərinin keçirilməsi, təhsil, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, yaşayış şəraitinin yaxşılaşdırılması üzrə 76 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb, eyni zamanda vəkillər tərəfindən sosial cəhətdən həssas qruplardan olan qadınlara hüquqi yardım göstərilib.
Qeyd edək ki, tədbirlərdə Bakı şəhəri 8 saylı Vəkil Bürosu, Goranboy rayon Vəkil Bürosu, İsmayıllı rayon Vəkil Bürosu, Qəbələ rayon Vəkil Bürosu, Zaqatala rayon Vəkil Bürosu, Saatlı rayon Vəkil Bürosunun vəkilləri, habelə Ağdam, Hacıqabul və Zərdab rayonlarında fərdi qaydada fəaliyyət göstərən vəkillər iştirak edib.











