100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının üzvünün “Uşaqlar və hüquq” kitabının təqdimatı olub

10 June 2026    509 share share

2026-cı il iyunun 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanmış fəlsəfə doktoru, tədqiqatçı Qoşqar Məhərrəmovun “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və Vəkillər Kollegiyasının üzvü Abil Bayramovun “Uşaqlar və hüquq” adlı maarifləndirici kitabın təqdimatı keçirilib.

Tədbirin məqsədi uşaqların və yeniyetmələrin hüquq və vəzifələri barədə məlumatlılığının artırılması, eləcə də bu istiqamətdə aparılan elmi-praktik fəaliyyətin nəticələrinin ictimaiyyətə təqdim olunması olub.

Mərasimdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Baş prokuror Kamran Əliyev, Elm və təhsil naziri Emin Əmrullayev, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov, Daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru Samir Mahmudov çıxış ediblər.

Kollegiyanın sədri Anar Bağırov çıxışında bildirib ki, demokratik cəmiyyətdə gənclərin, xüsusilə uşaq və yeniyetmə hüquqlarının müdafiəsində vəkilliyin rolu əvəzolunmazdır. Sədr uşaqların hüquq sistemində həssas qrup kimi xüsusi müdafiəyə ehtiyac duyduğunu, vəkillərin isə onların hüquqlarının təmin olunmasında mühüm missiya daşıdığını vurğulayıb.

Anar Bağırov qeyd edib ki, vəkillik yalnız hüquqi xidmət göstərmək deyil, həm də cəmiyyətin həssas təbəqələrinin müdafiəsini təmin etmək, vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış hüququnun reallaşdırılmasına töhfə vermək deməkdir. Sədr uşaq hüquqları məsələlərinin ixtisaslaşmış vəkillər tərəfindən aparılması üçün Kollegiya daxilində mütəmadi olaraq maarifləndirici tədbirlərin, ixtisasartırma təlimlərin keçirildiyini diqqətə çatdırıb.

Həmçinin Anar Bağırov pulsuz hüquqi yardım mexanizmlərinin genişləndirilməsi, uşaqlar da daxil olmaqla həssas qruplar üçün hüquqi xidmətlərin əlçatanlığının artırılmasının Vəkillər Kollegiyasının əsas prioritetlərindən biri olduğunu bildirib.

Sədr Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığın uğurla davam etdiyini, birgə layihə və təşəbbüslərin uşaq hüquqlarının daha səmərəli müdafiəsinə töhfə verdiyini vurğulayıb.

Tədbir çərçivəsində təhsilin idarə olunması üzrə fəlsəfə doktoru, tədqiqatçı Qoşqar Məhərrəmov “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat işini təqdim edib. Ardınca “Uşaqlar və hüquq” kitabının təqdimatı keçirilib. Vəkillər Kollegiyasının üzvü Abil Bayramov nəşrin hazırlanmasında əsas məqsədin uşaqları öz hüquq və vəzifələri barədə məlumatlandırmaq, hüquqların təmin edilməsində ailənin, məktəbin və dövlətin üzərinə düşən öhdəliklərlə onları tanış etmək, hüquqlarından səmərəli istifadə etməyə və vəzifələrinə, davranışlarına məsuliyyətlə yanaşmağa təşviq etmək olduğunu bildirib.

Tədbir müzakirələrlə davam edib.