100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Qələbəyə həsr edilmiş 3-cü Vəkil Futbol Liqasının ilk görüşləri keçirilmişdir

06 April 2021    541 share share

Ölkə vəkilləri dünyanı bürümüş koronavirus pandemiyasına rəğmən sağlam həyat tərzinin təbliğ və təşviqinə davam edirlər. Belə ki, ənənəyə sadiq olaraq bu il də Vəkillərin Futbol Liqası start götürmüşdür.

Bu ilki oyunlar ordumuzun və xalqımızın 44 günlük Vətən Müharibəsində qazandığı şücaətli Qələbəyə həsr edilmişdir. Hətta, Vəkil Futbol Liqasının iştirakçı komandaları təsis adlarına böyük Zəfərin şanlı səhifələrində keçən şərəfli adları da əlavə etmişdirlər. 3-cü VFL-nın iştirakçıları “Abşeron-Şuşa”, “Advokat-Xankəndi”, “Barrister –Cəbrayıl”, “Ədalət –Ağdam”, “Kəpəz-Murov”, “Lavyers – Ərgünəş”, “Veteranlar-Xudafərin”, “İnter-Laçın” və “Sumqayıt Regional – Qubadlı” vəkil futbol komandalarıdırlar.

Qələbəyə həsr edilmiş 3-cü Vəkil Futbol Liqasının ilk görüşləri 03 aprel 2021-ci il tarixdə “Sportster Arena” stadionlarında keçirilmişdir. Bu dəfə turnir Vəkillər Kollegiyası ilə AFFA  arasında olan razılaşmaya əsasən, sonuncunun tərəfdaşlığı ilə keçirilir. Bu səbəbdən də oyunları AFFA tərəfindən təyin edilmiş peşəkar hakimlər idarə edirlər.

İlk tur hər il olduğu kimi sürprizlərini bu dəfə də komandaların tərəfkeşlərindən əsirgəmədi. Belə ki, ilk görüşdə “Barrister-Cəbrayıl” komandası keçən mövsümün qalibi, cari çempion sayılan “Abşeron- Şuşa” komandasını böyük hesabla məğlub etmişdir (5:1). Növbəti görüşdə çempionluğa iddialı olan “Ədalət-Ağdam” komandası gözlənilən nəticə ilə “Veteranlar-Xudafərin” komandası üzərində qələbə qazandı (7:2). Sonrakı görüşdə ötən mövsüm “Ümid Kubokunun” qalibi olan  “Kəpəz-Murov” komandası minimal hesabla heyətində güclü oyunçuları olan “Lavyers-Ərgünəş” komandasına qalib gəldi (3:2). Turun son oyununda orta yaş həddinə görə çempionatın “ağsaqqalları” hesab edilən “Sumqayıt Regional – Qubadlı” komandası “İnter-Laçın” komandasını  bir top fərqi ilə geridə qoymağı bacardı (3:2).

Maraqlı məqamlardan biri də budur ki, həmin ərəfədə Vəkillər kollegiyası ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandum imzalanmışdır.  Əməkdaşlığın və dostluğun bərkişməsi məqsədi ilə, BDU-nin “Hüquq Fakültəsinin” məşhur futbol komandası turnirdə nəticədənkənar iştirak etməyə dəvət olunmuşdur. Keçirilən hər tur “dincələn” komanda ilə oynayacaq “Hüquq fakültəsinin” komandası elə ilk turda “Advokat-Xankəndi” komandası ilə bərabər oyun göstərə bilmişdir (2:2).

Turnirin növbəti oyunları 06 aprel 2021-ci il tarixə təyin edilmişdir. Həvəskar turnir karantin qaydalarına uyğun olaraq, açıq havada, tamaşaçıların iştirakı olmadan keçirilir.