Vəkillər Kollegiyasının sədri Anar Bağırov iyun ayın 22-də ARB 24 kanalında yayımlanan “İş vaxtı” verilişində qonaq olmuş, Azərbaycandakı vəkillik fəaliyyəti ilə bağlı bir çox sualları cavablandırmışdır.
Anar Bağırov bildirmişdir ki, vəkillik sahəsində görülən işlər geniş ictimaiyyətə məlumdur. Ölkəmizdə vəkilliyə maraq artmaqdadır. Hər il xeyli sayda hüquqşünas şəffaf qaydada keçirilən imtahanlarda iştirak edərək vəkilliyə qəbul olunur. Bu həftə ölkə tarixində ilk dəfə olaraq vəkillərin sayı iki mini ötəcək. Sevindirici haldır ki, bölgələrdə də vəkillərin sayı artır. 3 il öncə Azərbaycanda cəmi 39 vəkil qurumu fəaliyyət göstərirdi. Bu gün isə vəkil qurumlarının sayı 100-ü ötüb.
O, həmçinin qeyd etmişdir ki, ölkədə vəkilliyin nüfuzunun artırılması üçün sistemli işlər görülür: “Əvvələr cəmiyyətdə vəkillərə qarşı neqativ münasibət var idi. Bəzən vəkilin sadəcə vasitəçi olduğuna dair fikirlər səslənirdi. Lakin son illər ölkəmizdə məhkəmə-hüquq sistemində aparılan islahatlar və Vəkillər Kollegiyası tərəfindən görülən işlər nəticəsində bu mənzərə dəyişib”.
Eyni zamanda Anar Bağırov qeyd etmişdir ki, “Bəzən hər hansı qurum və ya şəxslər vəkillərin fəaliyyətinə əngəl törətməyə çalışırlar. Belə olan halda Vəkillər Kollegiyası dərhal məsələyə reaksiya verir. Biz imkan vermərik ki, kimsə vəkilə mane olsun. Əks halda cəmiyyətdə vəkillərə inamsızlıq yaranar. Bizim məqsədimiz vəkilliyin nüfuzunun daha da artmasıdır. Bu gün məhkəmələrdə də ciddi dəyişikliklər müşahidə olunur. Hakimlərin sayı artırılıb, onların maddi-texniki imkanları yaxşılaşdırılıb. Bir sıra neqativ amillərə, korrupsiya hallarına son qoyulması vəkilliyin nüfuzuna da müsbət təsir göstərir. Çünki sivil cəmiyyətlərdə insanlar öz hüquqi problemlərini kiməsə zəng edərək yox, vəkilə müraciət edərək həll edirlər. Bizim istəyimiz odur ki, hər kəs öz işini görsün. Vəkilin də işi hər kəsin hüquqlarını vicdanla, şərəflə müdafiə etməkdir”.