100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Bank mübahisələri və mediasiya” mövzusunda görüş keçirilmişdir

24 November 2021    1288 share share

Vəkillər Kollegiyası, Azərbaycan Banklar Assosiasiyası və Mediasiya Şurası bank mübahisələrinin mediasiya perspektivlərinə və mövcud problemlərin müzakirəsinə həsr edilmiş görüş keçirib.
 
Görüşdə Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Mediasiya Şurasının sədri Nadir Adilov çıxış ediblər.
 
Zakir Nuriyev Azərbaycan Respublikasında aparılan mütərəqqi məhkəmə - hüquq islahatlarının tərkib hissəsi olan mediasiya islahatları ilə əlaqədar cənab Prezident İlham Əliyevin imzaladığı Mediasiya haqqında Qanuna toxunaraq qeyd edib ki, bu Qanunun tətbiqində bankların və Azərbaycan Banklar Assosiasiyasının da üzərinə mühüm vəzifələr düşür. Azərbaycanın çevik inkişaf edən bank sektorunda baş verən mübahisələrin məhkəmədənkənar, alternativ həlli sahəsində mediasiya prosesinin rolu bu baxımdan çox mühümdür. Bu proses bankların uzun-uzadı məhkəmə prosesləri olmadan, əlavə vaxt və resurs itkisindən azad olmaqla, problemin yalnız danışıqlar vasitəsi ilə həll edilməsinə xidmət edəcəkdir. Zakir Nuriyev eyni zamanda qeyd edib ki, korporativ sektorun aparıcı qüvvəsi olan banklar çevik həllərə və güclü elektron sistemə malik olduğu üçün günün tələblərinə uyğun olaraq mediasiya islahatlarnın icra edilməsində istənilən dəstəyi göstərməyə hər zaman hazırdırlar.
 
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov qeyd edib ki, mediasiya islahatlarının həyata keçirilməyə başalamasının ilk günündən Vəkillər Kollegiyası Mediasiya Şurasının həmtəsisçisi qismində istənilən dəstəyi verib və bu gün də bu dəstəyi göstərir. Anar Bağırov qeyd edib ki, son vaxtlar Mediasiya Şurası və Vəkillər Kollegiyası arasında düzgün qurulan kommunikasiyanın nəticəsidir ki, mediator olan vəkillər və vəkil olmayan mediatorlar arasında çox gözəl münasibətlər yaranıb və həm vəkillər, həm də mediatorlar mediasiya proseslərinin tətbiqində çox mühüm rol oynayırlar. Bu isə mediasiya praktikasının zənginləşməsinə, mediasiya islahatlarının davamlı olaraq aparılmasına böyük təkan vermiş olur. Anar Bağırov qeyd edib ki, davamlı olaraq bank sektoru və korporativ sektorda olan mübahisələrin mediasiya yolu ilə həllində bundan sonra da Vəkillər Kollegiyası bütün zəruri dəstəkləri verəcəkdir.
 
Çıxış edən Nadir Adilov Vəkillər Kolegiyasına və Banklar Assosiasiyasına təşəkkür edərək qeyd edib ki, bu gün hər bir mediatora böyük bir etimad göstərilib. Bu etimadın əsasını, mediatorların peşə fəaliyyətinin bünövrəsini cənab Prezident İlham Əliyevin imzaladığı qanun təşkil edir. Bu bizlər üçün böyük şərəf və böyük məsuliyyətdir. Bu şərəfli yolda Qanunun düzgün tətbiqinə nail olunmasında demək olar ki, əlaqədə olduğumuz bütün dövlət orqanları bizə yaxından dəstək verir. Müstəqil qurumlar sırasında isə Vəkillər Kollegiyasının rolu danılmazdır. Eyni zamanda Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası mediatorların peşə fəaliyyətinə vəsiqə qazanmasında, mediatorların hazırlığının həyata keçirilməsində çox mühüm işlər görür. Mediatorlar kursları bitirərək mediator olmaq üçün ilk vəsiqəni məhz Ədliyyə Akademiyasından alırlar. Nadir Adilov mediatorlar arasında işlərin bölgüsü sahəsində olan şəffaflıq, işlərin mediatorlar arasında ədalətli bölüşdürülməsini qeyd edərək eyni zamanda vətəndaşlar və kommersiya hüquqi şəxslərinin məmnunluğunun artırılması və nəticələrin ölçülməsi məqsədilə mediatorların ictimai qiymətləndirilməsinin həyata keçirildiyini vurğulayıb (iştirak üçün keçid: http://mediasiya.gov.az/faydali/sorgular).
 
Daha sonra çıxış edən mediator-vəkil, Mediasiya Şurasının işçi qrup rəhbəri Taleh İbrahimov bank sektorunun problemlərinin mediasiya yolu ilə həlli perspektivləri barədə üstünlükləri Bank sektorunun nümayəndələrinin diqətinə çatdırıb. Qarşıya çıxan problemləri qeyd edib və həlli yolları sahəsində Azərbaycan Banklar Assosiasiyası ilə əməkdaşlığın zəruri olduğunu qeyd edib.
Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov öz çıxışında bankların mediasiya proseslərində qarşılaşdığı problemlərə toxunaraq bu problemlərdən çıxış yolları ilə bağlı davamlı vebinarlara, görüşlərə və maarifləndirmə işlərinə geniş ehtiyac olduğunu qeyd edib.
 
Çıxış edən “Paşa Bank” ASC-nin Hüquq şöbəsinin müdiri İlham Hüseynov mediasiya islahatlarının önəmli olduğunu qeyd edərək Mediasiya Şurasının yeni yaradıldığını və banklarla Şura arasında düzgün kommunikasiyanın qurulması, çevik əlaqələr baxımından məsul nümayəndənin olması zərurətini qeyd edib.
 
Qeyd edilən məsələ ilə bağlı yerindəcə qərar verilib. Belə ki, banklar və mediatorlar arasında olan məsələlərin çevik həlli məqsədilə Zakir Nuriyev və Nadir Adilovun birgə qərarı əsasında Bank Ombudsmanının məsul katibi, mediator Elçin Həsənov Mediasiya Şurası və Azərbaycan Banklar Assosiasiyası, eyni zamanda bütün banklarla əlaqələndirməni həyata keçirən məsul şəxs təyin edilib.