100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Gənclərin məhkəmə-hüquq islahatları mövzusunda maarifləndirilməsi ilə bağlı konfrans işə başlayıb

03 December 2021    1763 share share

“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində dekabrın 3-də Bakıda konfrans işə başlayıb.
 
Ali Məhkəmənin inzibati binasında keçirilən və dekabrın 5-dək davam edəcək konfransın məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası istiqamətində məhkəmə-hüquq sistemində reallaşdırılan islahatlar barədə hüquqşünas tələbələri və gənc hüquqşünasları maarifləndirməkdir.
 
Tədbirdə məhkəmə hakimləri, vəkillər, gənc hüquqşünaslar və tələbələr iştirak ediblər.
 
Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov konfransda çıxış edərək gənc hüquqşünasları və tələbələri Ali Məhkəmədə salamlayıb, onlara uğurlar arzulayıb. Bildirib ki, üç gün davam edəcək təlimlər Ali Məhkəmənin və ELSA Azərbaycanın təşəbbüsü ilə təşkil olunur. O, bu tədbirin təşkilinə verdiyi dəstəyə görə Gənclər Fonduna minnətdarlığını ifadə edib.
Çingiz Əsgərov dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində görülən işlərdən, Ali Məhkəmənin fəaliyyəti və məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi istiqamətində gördüyü tədbirlər barədə danışıb. Diqqətə çatdırıb ki, layihə çərçivəsində iştirakçılar son dövrdə ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlarla bağlı silsilə təlimlərdə iştirak edəcək, bu sahədə bilik və bacarıqlarını artırmaq üçün əlverişli imkan qazanacaqlar.
 
Qeyd olunub ki, Ali Məhkəmənin binasında keçirilən təlim gələcək hüquqşünasların hazırlanması və məhkəmə hakimiyyəti barədə məlumatlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. ELSA Azərbaycan təşkilatı ilə birgə keçirilən bu qəbildən tədbirlərin davamlı olmasının vacibliyini vurğulayan Ç.Əsgərov deyib: “Belə tədbirlər gənc hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün çox faydalıdır. Məqsəd gənc hüquqşünasların və tələbələrin Ali Məhkəmədə təcrübə keçmələridir. Odur ki, onlar da yüksək fəallıq nümayiş etdirməlidirlər. Təlimlər interaktiv qaydada olacaq. Təlimçilər gənc hüquqşünasları maraqlandıran sualları cavablandıracaqlar. ELSA Azərbaycan təşkilatı hüquqşünas tələbələrin elitasıdır. Bu təşkilatın üzvləri əsasən əlaçı hüquqşünas tələbələrdir”.
 
Vəkillər Kollegiyasının sədri Anar Bağırov vurğulayıb ki, ELSA Azərbaycan təşkilatı son illər uğurla fəaliyyət göstərir. ELSA ilə Azərbaycanda fəaliyyət göstərən hüquq təsisatları arasında işgüzar əməkdaşlıq münasibətləri qurulub. Vəkillər Kollegiyası 2018-ci ildən hüquqşünas tələbələrlə sıx və çoxşaxəli əməkdaşlıq edir, bu təşkilatın bir çox təşəbbüslərini dəstəkləyir. Vəkillər arasında vaxtilə ELSA Azərbaycan təşkilatının üzvləri olan çoxsaylı hüquqşünaslar da var. Anar Bağırov həmçinin qeyd etmişdir ki, hal-hazırda Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov, aparatın Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Ayşə xanım və aparatın hüquqşünas məsləhətçisi Səttar Məmmədov vaxtilə ELSA Azərbaycanda rəhbər vəzifələrdə fəaliyyət göstərmişlər.
 
Tədbirin məqsədinin gənc hüquqşünasların ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları ilə yaxından tanış etmək olduğunu vurğulayan A.Bağırov deyib: “Gənclərimiz, xüsusilə gənc hüquqşünaslar bu islahatlarda fəal iştirak etməlidirlər. Üç gün davam edəcək tədbirdə məhkəmə-hüquq sahəsindəki yeniliklər, dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanından irəli gələn vəzifələr, görülən işlər, qanunvericiliyə edilən dəyişiklərlə bağlı fikir mübadiləsi aparılacaq. Eyni zamanda, məhkəmələrdə, vəkillik təsisatlarında, məhkəmə-hüquq sahəsində aparılan islahatlarla bağlı interaktiv qaydada müzakirələr olacaq. Məqsədimiz vəkillik peşəsini hüquqşünas tələbələr arasında populyarlaşdırmaqdır. ELSA Azərbaycan təşkilatı bu gün ölkədə hüquqşünas kadrların bankına çevrilib. Bu baxımdan təşkilatın ölkəmizdə fəaliyyəti çox uğurlu və qənaətbəxşdir”.
 
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev təlim sessiyasında “Məhkəmə-hüquq sistemində islahatlar” mövzusunda təqdimatla çıxış edərək son illər ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə məlumat verib. O, dövlətimizin başçısının 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında qanunvericiliyin təkmilləşdirilməsi, institusional dəyişikliklərlə yanaşı, kadr islahatları ilə bağlı məsələlərin də əksini tapdığını xatırladıb. Həmçinin Fərmanda əksini tapan məsələlərin bir çoxunun artıq həyata keçirildiyi xüsusi vurğulanıb.
 
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Fond ELSA Azərbaycan təşkilatının bir neçə layihələrini, ideyalarını, təşəbbüslərini dəstəkləyib və bu iş davam etdirilir. 2019-cu ildə təşkilatın beynəlxalq tədbirinin Bakıda keçirilməsinin Azərbaycanın gənclər siyasəti üçün əlamətdar hadisə olduğunu deyən F.Cəfərov bildirib: “Belə mötəbər tədbirin Bakıda keçirilməsinə bütün Avropa hüquqşünaslarının razılıq verməsi ELSA Azərbaycan təşkilatının böyük nailiyyəti idi. Gənclər Fondu Bakıda və regionlarda gənclərin hüquqi mövzularda maarifləndirilməsinə dair tədbirlərin təşkilində maraqlıdır. Fondun 55 şəhər və rayonda nümayəndəliyi fəaliyyət göstərir. Bu nümayəndəliklər minlərlə gənci əhatə edir. İstərdik ki, həmin gənclər məhz ELSA Azərbaycan təşkilatının bilik və təcrübəsindən də istifadə edərək maarifləndirmə tədbirləri təşkil etsinlər”.
 
Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, bu gün Azərbaycanın müasir, müstəqil düşüncəli, dövlət siyasətinə sadiq, peşəkar, gənc hüquqşünaslara, kadrlara ehtiyacı var. Bizim uğurlu gələcəyimiz məhz həmin gənclərdir. Bu layihə dövlətimizin başçısının 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə bağlı başlanan islahatlar çərçivəsində gənc hüquqşünasların maarifləndirilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Kamal Cəfərov ELSA Azərbaycan təşkilatının tədbirlərinin Ali Məhkəmənin binasında keçirilməsinin müsbət təcrübə olduğunu deyib və layihəyə dəstək verdiyi üçün Gənclər Fonduna təşəkkür edib.
 
Sonra ELSA Azərbaycan təşkilatının üzvləri Ali Məhkəmənin binasında yaradılan şəraitlə tanış olublar. Sonda xatirə şəkli çəkilib.
 
Qeyd edək ki, təlimlər Ali Məhkəmənin hakimləri və Vəkillər Kollegiyasının təcrübəli əməkdaşları tərəfindən keçiriləcək. Gənc hüquqşünaslar və tələbələr “Vəkillik institutunda keçirilmiş islahatlar”, “Məhkəmə etikası, məhkəmədə davranış qaydaları”, “Elektron məhkəmə sistemi, ondan istifadə qaydaları, məhkəmələrə ərizə və şikayətlərin elektron məhkəmə sistemi ilə verilməsi”, “Praktiki iş - prosessual sənədlərin tərtibi qaydaları” təlim sessiyalarında iştirak edəcəklər.
 
Avropanın 44 ölkəsindən 350-dən çox şəhər və universiteti, həmçinin 60 mindən çox gənci sıralarında birləşdirən ELSA dünyanın hüquq təhsili alan gənclərin və tələbələrin ən böyük təşkilatıdır. Bu təşkilatın əsası 1981-ci ildə qoyulub. Azərbaycan nümayəndəliyi isə 2010-cu ildə təsis olunub.