100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Nizami Gəncəvi ilinə həsr olunmuş kitabın təqdimatı keçirilmişdir

30 December 2021    1520 share share

Məlum olduğu kimi 28.12.2021-ci il tarixində Muzey Mərkəzində vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Prezident cənab İlham Əliyevin  05 yanvar 2021-ci il tarixli sərəncamına uyğun olaraq Vəkillər Kollegiyasının dəstəyi ilə nəşr edilmiş “Nizami Gəncəvi: nəsihətləri, kəlamları, hikmət və aforizmləri” adlı kitabının təqdimatı keçirilmişdir. Təqdimatda kitabın ideya müəllifi, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev çıxış edərək kitabın əhəmiyyətini vurğulamış və Vəkillər Kollegiyasına təşəkkür etmişdir. 
 
Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.
 
Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir.
 
Onun yaradıcılığında müstəqillik, demokratizm, humanizm, ədalətlilik prinsipləri öz parlaq təcəssümünü tapmışdır. Bu prinsiplər də vəkillik fəaliyyətinin əsas prinsiplərindən olduğundan Nizami yaradıcılığı hüquqşünaslar, vəkillərin diqqət mərkəzində olmuşdur.
 
Vəsaitdə  Ulu Öndər Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin görkəmli şairin ədəbi irsinin təbliğinə dair sərəncamları, böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında məlumatları, Nizami Gəncəvinin əsərlərində olan olan incilər öz əksini tapmışdır.