Almaniyanın məşhur universitetlərindən Martin Lüter adına Halle-Vittenberq Universitetinin doktorantı, Vəkillər Kollegiyasının üzvü Abbas Abbasov yazmış olduğu elmi işə görə nüfuzlu beynəlxalq mükafata layiq görülüb.
Belə ki, Abbas Abbasov müflisləşmə və restrukturizasiya hüququ üzrə ixtisaslaşmış beynəlxalq təşkilat “INSOL International”, “INSOL Avropa”, eləcə də İngiltərə Müflisləşmə Mütəxəssisləri Assosassiyası və Böyük Britaniya Biznesin Sağlamlaşdırılması Mütəxəssisləri Assossasiyasının birgə təsis etdiyi və hər il inkişaf etməkdə olan ölkələrdən bir nəfər gənc alimə və ya mütəxəssisə təqdim edilən “Richard Turton” mükafatının 2021-ci il üzrə qalibi elan olunmuşdur. Qalib seçilmiş vəkilimizin elmi məqaləsi də elə xarici restrukturizasiya planlarının tanınması zamanı yerli kreditorların maraqlarının qorunması ilə bağlıdır.
Elmi işi qalib seçilmiş alimə və ya mütəxəssisə bu mükafat nələr təklif edir?
- Nüfuzlu təşkilatların elmi nəşrlərində və internet saytlarında çap edilməsini;
- Bütün xərclər qarşılanmaqla “INSOL Avropa”nın 2022-ci ilin mart ayında İrlandiyanın Dublin şəhərində keçiriləcək illik konqresində iştirakı;
- Həmin tədbir zamanı mükafatın təntənəli təqdimat mərasiminin keçirilməsini ehtiva edir.
Məlumat üçün bildiririk ki, INSOL International müflisləşmə hüququ və əlaqəli sahələr üzrə ixtisaslaşan hüquqşünasların və maliyyəçilərin milli assosassiyalarının ümumdünya federasiyasıdır. Hal-hazırda federasiya 44-dən çox Assosiasiyanı və 10 500-dən çox üzvü özündə birləşdirir (ətraflı: https://www.insol.org/About).
“Richard Turton” mükafatı 2005-ci ildən etibarən hər il inkişaf etməkdə olan ölkələrdən müflisləşmə hüququ və ya əlaqəli sahələr üzrə ixtisaslaşan bir nəfər gənc alimə və ya mütəxəssisə ən yaxşı elmi məqaləyə görə verilir (ətraflı: https://www.insol-europe.org/richard-turton-award).
Qeyd edək ki, Abbas Abbasov 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Prezidentin 16.11.2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADA Universitetinin dəstəyi ilə o, hal-hazırda Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetində doktorantura təhsili alır və elmi araşdırma sahəsi beynəlxalq müflisləşmə və restrukturizasiya hüququdur. Eyni zamanda, Abbas Abbasov Almaniyanın Volkswagen fondu tərəfindən dəstəklənən və hüquq sahəsi üzrə xarici doktorantları birləşdirən GRAD layihəsinin iştirakçısıdır.