100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası və Mediasiya Şurasının birgə müraciəti

11 February 2022    1995 share share

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyəti və Mediasiya Şurası İdarə Heyəti Azərbaycan Respublikası “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Mediasiya haqqında” Qanunun tələblərinə əsasən yaradılan vəkil bürolarında və mediasiya təşkilatlarında fəaliyyət göstərən vəkillərin və mediatorların peşə fəaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalı olan prinsiplərə riayət edilməsi, həmçinin mediasiya və vəkillik fəaliyyətində şəxslər arasında maraq toqquşmasının qarşısının alınması məqsədi ilə tədbirlərin həyata keçirilməsi ilə bağlı birgə müraciət yayıb.
 
Müraciətə əsasən:
 
"“Mediasiya haqqında” Qanunun 4-cü maddəsinə əsasən, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı, mediatorların qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yolverilməzliyi, konfidensiallıq mediasiyanın əsas və təməl prinsiplərini təşkil edir. Bu prinsiplərə görə, tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar, mediasiya zamanı mediator müstəqil və qərəzsiz olmalıdır. Mediator mediasiya prosesini həyata keçirən zaman tərəflərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından, hüquqi və fiziki şəxslərdən asılı olmamalıdır və mediasiya zamanı adıçəkilən orqanların və şəxslərin mediatorun fəaliyyətində müdaxiləsinə yol verilmir. Mediator mediasiya zamanı hər iki tərəfə bərabər yanaşmalı, tərəflərin mediasiya zamanı bərabər iştirakını təmin etməli və hər iki tərəfə proses zamanı tələblərini təqdim etmək üçün bərabər imkanlar yaratmalıdır. Mediatorun qərəzsizliyinə mane olan hallar olduqda mediator mediasiyanı aparmaqdan imtina etməlidir. Eyni zamanda, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. Göründüyü kimi, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıdığı üçün bu məqsədə yalnız qanunla müəyyən edilmiş və yuxarıda qeyd edilən prinsiplərə riayət edildiyi halda nail olmaq mümkündür.
 
Eyni zamanda, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin II hissəsinə əsasən vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 1.2-ci bəndinə əsasən hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir.
 
“Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 2.5-ci bəndinə görə vəkil öz davranışlarında ictimai etimad qaydasına riayət etməlidir. İctimai etimad prinsipinə əsasən, vəkil vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur.
 
“Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqqında” Xartiyaya görə şirkət və ya dövlət tərəfindən tutulmasından asılı olmayaraq vəkil 3-cü şəxslər tərəfindən etimad göstərilən peşəkar şəxs olmaqla öz müştərisinin etibarlı məsləhətçisi, təmsilçisi, habelə ədalət mühakiməsinin şəffaf həyata keçirilməsinin ayrılmaz hissəsidir. Qeyd olunan əlamətləri özündə ehtiva etməklə öz müştərisinin maraqlarına vicdanla xidmət göstərən və onun hüquqlarını müdafiə edən vəkilin həmçinin, ictimai funksiyaları – mübahisələrin qarşısını almaqla onun aradan qaldırılması, habelə bu mübahisələrin insan hüquq və maraqlarına xələl gətirmədən mülki, inzibati və cinayət hüququna uyğun həll edilməsi vəzifələri vardır ki, bu vəzifələr öz növbəsində hüququn inkişafına, azadlığın, ədalətin və qanunçuluğun müdafiəsinə rəvac verir.
 
Hazırda mediasiya xidməti göstərən mediatorların böyük hissəsinin həm də vəkil peşəsinə malik olmalarını, həmçinin Qanunun tələbləri əsasında fəaliyyət göstərən mediasiya təşkilatlarının böyük hissəsinin rəhbərinin vəkil olmasını və bəzi mediasiya təşkilatları ilə vəkil bürolarının eyni ünvanda fəaliyyət göstərməsini nəzərə alaraq, hər iki peşə fəaliyyəti üzrə xidmətlərin göstərilməsi zamanı şəxslər arasında, habelə peşə fəaliyyətləri arasında maraq toqquşmasının qarşısının alınması, mediatorların və vəkillərin nüfuzunun artırılması, hər iki peşəyə olan ictimai etimadın yüksəldilməsi və qorunması məqsədi ilə, Vəkillər Kollegiyası Rəyasət Heyəti və Mediasiya Şurası İdarə Heyəti aşağıdakı qaydalara riayət etməyi vəkillərə və mediatorlara tövsiyyə edir:
 
  1. Vəkil büroları ilə eyni ünvanda fəaliyyət göstərən mediasiya təşkilatlarında mediasiya xidmətinin göstərilməsi zamanı maraq toqquşmasının qarşısının alınması, vəkillik və mediasiyaya olan ictimai etimadın yüksəldilməsi və qorunması məqsədi ilə həmin vəkil bürolarında fəaliyyət göstərən vəkillərin mediasiya xidmətinin göstərilməsi barədə müraciətlərinin digər mediasiya təşkilatlarına yönləndirilməsi vəkillərə, mediasiya təşkilatlarına və mediatorlara tövsiyyə edilsin.
  2. Mediasiya xidmətlərinin göstərilməsi zamanı mediasiya müraciəti edən tərəfin vəkili ilə mediasiya xidməti göstərən mediatorun həm də eyni vəkil bürosunun vəkili olduğu halda, xidmət göstərən mediatora həmin mediasiya müraciətini təşkilatın digər mediatorlarına yönləndirilməsini təmin etməsi mediatorlara, vəkillərə tövsiyyə edilsin".