Martın 5-də ADA Universitetidə Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində ADA tələbələri tərəfindən təqdim edilən “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə qeyd edib ki, bu layihə tələbələr tərəfindən hazırlanıb. Prorektor dəstək göstərən tərəfdaş qurumlara təşəkkürünü bildirərək qeyd edib ki, layihə gənclərin hüquqi cəhətdən baza biliklərinin artırılmasına xidmət edəcək.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov diqqətə çatdırıb ki, son 4 ildə Azərbaycanda vəkillərin və vəkil bürolarının sayı 3 dəfə artıb. Eyni zamanda vurğulayıb ki, Vəkillər Kollegiyası tələbələrin sözügedən sahə üzrə layihələrinin icrasında fəal iştirak edir, dəstək göstərir. Azərbaycanda 100 min nəfərə düşən vəkil sayının qonşu dövlətlərə nisbətdə az olduğunu nəzərə çatdıran A. Bağırov bunun səbəbi kimi ilk olaraq ölkədə hüquqşünas məzunların sayının az olması və universitetlərin və müvafiq dövlət orqanlarının bu məsələ diqqət ayırmalarına ehtiyac olduğunu bildirmişdir. O cümlədən, vəkillərin sayını artırmaq üçün mütəmadi təbliğat işlərinin aparıldığını və daimi əsaslarla imtahanların təşkil edildiyini qeyd etmişdir.
Anar Bağırov həmçinin qeyd etmişdir ki, Vəkillər Kollegiyası hüquq tələbələrinə həmişə dəstək olmağa hazırdır. ADA universitetinin hüquq fakültəsinin tələbələri gələcəkdə universitetlə birgə əməkdaşlıq çərçivəsində vəkil bürolarında istehsalat təcrübəsi keçə biləcək və bununla tədris zamanı qazandıqları nəzəri biliklərin praktiki tətbiqində yaxından iştirak etmiş olacaqlar.
Tədbirdə ADA Universitetinin tələbəsi Telman Qasımov layihə ilə bağlı təqdimatla çıxış edib. O, layihənin məqsədi və gözlənilən icra mərhələləri haqqında ətraflı məlumat verib. Bildirib ki, layihə Azərbaycan gəncləri və yeniyetmələri arasında hüquqi maariflənməni təşkil və təşviq edəcək. Əsas hədəflər bu sahəyə olan marağı artırmaq və gənclərə müxtəlif hüquqi mövzularda ilkin biliklər verməkdir.
Layihənin tərəfdaş qurumlarından Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin hüquq məsləhətçisi Jalə Əzizova, "Legalaid" hüquq şirkətinin təsisçisi, vəkil Sona Səlimli, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının tələbəsi Süleyman Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fidan Namazova, Bakı Dövlət Universitetinin tələbəsi Siyavuş Bağırov, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Selcan Quluzadə layihə haqqında fikirlərini bölüşüblər, layihə iştirakçılarına uğurlar arzulayıblar.