İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində 15 mart Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ilə əlaqədar Dəyirmi Masa keçirilib. Tədbirdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru, rektor vəzifəsini icra edən Elçin Xələfov, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov və həmin qurumların nümayəndələri iştirak ediblər.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli istehlakçı hüquqlarının müdafiəsinin sosial-iqtisadi önəmi və bu istiqamətdə sistemli yanaşmanın əhəmiyyəti barədə danışıb. Qeyd edib ki, Xidmətin bütün fəaliyyət istiqamətləri nəticə etibarilə istehlakçı məmnuniyyətinin təmin olunmasına yönəlib. Bu sahədə istehlakçılara keyfiyyətli, təhlükəsiz mal, iş və xidmətlər əldə etməyə imkan yaratmaq üçün istehlakçı hüquqlarının qorunması prosesinin bütün iştirakçıları arasında tərəfdaşlıq əlaqələrinin qurulması önəmlidir.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov istehlakçı hüquqlarının qorunmasını vəkillər üçün prioritet sahə olduğunu və bu istiqamətdə davamlı tədris prosesinin təşkilində zəruriyyətin yarandığını qeyd edib. Anar Bağırov bildirib ki, Dövlət Xidməti ilə birgə regionlarda istehlakçılar üçün ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Xidmətin təşkil etdiyi təlimlərdə mediatorların iştirakı haqqında danışıb. Qeyd edib ki, mediatorların bu təlimlərdə iştirakı həm istehlakçılar, həm də bütövlükdə cəmiyyət üçün çox önəmlidir. Xidmətin təlimləri istehlakçı müraciətlərinin təhlili əsasında qurduğu üçün mediatorların bu prosesə maraq və həvəslə yanaşdığını bildirib.
Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov mediatorlarla yanaşı, hakimliyə namizəd olan şəxslər üçün keçirilən təlimlərin də önəmini vurğulayıb. Mediatorlar üçün təşkil olunan təlimlər məhkəmə yükünün azalmasına xidmət etsə də, məsələ həllini tapmayanda son instansiya olaraq istehlakçının şikayəti hakimlər tərəfindən baxılır. Bununla əlaqədar gələcək hakimlərin bu təlimlərdə iştitrakı məsələyə əsaslı yanaşmanı təmin etməyə xidmət edir.