Azərbaycan Respublikası Vəkillər Kollegiyası Avropa Şurasının alt-Komitəsində vəkillərin (hüquqşünasların) peşə fəaliyyətinin inkişafı və maneəsiz həyata keçirilməsi istiqamətində aparılan işlərdə yaxından iştirak edir.
6-8 aprel 2021-ci il tarixlərində Avropa Şurasının Hüquqi əməkdaşlıq üzrə Avropa Komitəsinin (CDCJ) yeni təsis edilmiş alt-qurumu olan Vəkillərin (hüquqşünasların) müdafiəsi üzrə Ekspertlər Komitəsinin (CJ-AV) Strazburqda hibrid formada keçirilən ilk iclasında üzv dövlətin nümayəndələri qismində Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov (onlayn), Kollegiya sədrinin müşaviri Fərhad Nəcəfov (onlayn) və Kollegiyanın üzvü Allahverən Oruclu (birbaşa) iştirak etmişlər.
Ekspertlər Komitəsinin əsas məqsədi 2 il ərzində vəkillərin (hüquqşünasların) peşə fəaliyyətini sərbəst həyata keçirmələrini və bu peşə ilə məşğul olmaq hüququnun müdafiəsini gücləndirməyə yönələn, onların müstəqilliyini təmin etmək üçün tətbiq edilən minimum standartların toplusunu müəyyən edən, eləcə də bu sahədə müəyyən mexanizmin yaradılmasını ehtiva edəcək hüquqi sənəd layihəsini hazırlamaqdır.
Peşə fəaliyyətinin sərbəst, təhlükəsiz və müstəqil şəkildə həyata keçirilməsi ilə bağlı məlumatlı olan, öz ölkələrində bu sahədə qanun, siyasət və təcrübə barədə biliyə malik olan nümayəndələrin qatıldığı iclasda vəkillərin (hüquqşünasların) müdafiəsi üzrə hüquqi sənədin hazırlanması istiqamətində müzakirələr aparılmış, gələcək sənədin əhatə dairəsi, sənəddə əks ediləcək anlayışlar, standartlar, mexanizmlər və digər əlaqədar məsələlər üzrə fikir mübadilələri edilmişdir. Azərbaycan nümayəndələri rəylər, şərhlər və təkliflərlə müzakirələrdə yaxından iştirak etmişlər.