100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin yekunlarına həsr olunmuş qapanış mərasimi keçirilmişdir

13 April 2022    1608 share share

Aprelin 11-də ADA Universitetidə Hacı Zeynalabdin Tağıyev adına müsabiqə çərçivəsində ADA tələbələri tərəfindən təqdim edilən “Gənclər arasında hüquqi maarifləndirmə layihəsi”nin yekunlarına həsr olunmuş qapanış mərasimi keçirilmişdir.
 
Tədbirdə “Aprel döyüşləri” xatırlanıb, Vətən uğrunda canlarını fəda edən Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
ADA Universitetinin tələbələr ilə iş üzrə meneceri Günel Əsgərova açılış nitqi ilə çıxış edərək bildirmişdir ki, bu layihə tələbələr tərəfindən hazırlanmış və idarə edilmişdir. O, layihənin gələcək mərhələlərinin də uğurlu olacağına inandığını qeyd etmiş və layihəyə köməklik göstərən tərəfdaş qurumlara təşəkkürünü bildirmişdir.
 
Sonra ADA Universitetinin tələbələri Telman Qasımov, Rəşid Məmmədov və Ülvi Quliyev layihənin tamamlanmış mərhələləri ilə bağlı təqdimatla çıxış edib. Onlar tədbir iştirakçılarına layihənin tamamlanmış və gələcəkdə planlanan mərhələləri haqqında ətraflı məlumat vermişlər. Bildirib ki, layihə Azərbaycanın üç böyük şəhərini: Bakı, Gəncə və Sumqayıt şəhərlərini əhatə etmişdir. Layihə ərzində orta və ali təhsil müəssisələrində təhsil alan mindən çox gənc və yeniyetmə ilə fiziki görüşlər baş tutub. Layihənin təqdimat mərasimində qarşıya qoyulan hədəflərə uğurla nail olunub. Daha sonra Gəncə şəhərinə səfərin videoçarxı iştirakçılara təqdim olunub.
 
Daha sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək tədbir iştirakçılarını Kollegiyanın son dövrdəki fəaliyyəti ilə tanış etmişdir. A. Bağırov qeyd etmişdir ki, Vəkillər Kollegiyası tələbələrin sözügedən sahə üzrə layihələrinin icrasında fəal iştirak edir, dəstək göstərir. O həmçinin qeyd etmişdir ki, təhsil müəssisələri ilə əməkdaşlıq VK üçün prioritet məsələdir. Gənclərə bu məsələlərdə qurum səviyyəsində dəstəyin vacibliyini vurğulayan Sədr, bu tədbirin timsalında bu dəstəyin nəticəsinin göz qarşısında olduğunu bildirmişdir, Vəkillər Kollegiyasının hüquq tələbələrinə həmişə dəstək olmağa hazır olduğunu qeyd etmişdir.
 
Tədbirdə həmçinin layihənin tərəfdaş qurumlarından olan Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Elmi-tədqiqat və redaksiya-nəşriyyat” şöbəsinin rəisi, polis polkovniki Hikmət Eyvazov çıxış edərək Akademiya rəisinin salamlarını iştirakçılara çatdırıb və layihənin uğurla tamamlanması münasibəti ilə iştirakçıları təbrik etmiş və layihənin təqdirəlayiq olmasını vurğulamışdır. 

Hikmət Eyvazov çıxış edərək qeyd etmişdir ki,  layihə ərzində keçirilən tədbir və müsabiqələrdə Polis Akademiyasının müəllim-professor heyati və kursantları aktiv iştirak etmişdir. Polkovnik qeyd edib ki, 5 Aprel 2022-ci il tarixində Akademiyanın təşkilatçılığı ilə “Müasir sosial-iqtisadi şəraitdə uşaqların hüquqlarının müdafiəsinin aktual məsələləri” mövzusunda Respublika Ali təhsil müəssisələrinin təhsilalanlarının onlayn elmi-praktik konfransı keçirilmişdir. O, həmçinin bu cür layihələrin davamlı olmasını və qurumlar arasında əməkdaşlığın daha da möhkəmlənməsinin vacibliyi diqqətə çatdırılıb.
 
Layihənin tərəfdaş qurumlarından “Legalaid" hüquq şirkətinin təsisçisi, vəkil Sona Səlimli, Dövlət İdarəçilik Akademiyasının tələbəsi Fidan Namazova, Bakı Dövlət Universitetinin tələbəsi Siyavuş Bağırov layihə haqqında fikirlərini bölüşüblər, layihənin onlar üçün maraqlı bir təcrübə olduğunu bildiriblər.
 
Sonda layihə çərçivəsində təşkil olunan müsabiqənin qalibləri elan olunub. Qaliblər sertifikat və hədiyyə kartları ilə təltif olunublar. Tərəfdaş qurumlara  və təlimçilərə xatirə hədiyyələri təqdim olunub.





























​​​​​​​