100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Anar Bağırov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfransda iştirak edib

09 May 2022    1331 share share

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk milli Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
 
Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıb.
 
Daha sonra konfrans iştirakçılarını salamlayan Anar Bağırov “Heydər Əliyevin hüquq siyasəti və müasir texonologiyalar ədalət mühakiməsinə çatımlılığın başlıca aləti kimi” mövzusunda təqdimatla çıxış etmişdir.
 
Anar Bağırov qeyd etmişdir ki, “ədalət mühakiməsinə çatımlılıq” ifadəsi kifayət qədər dərin məzmuna malik bir ibarədir. Bu ifadənin ölkəmizin hüquq leksikonunda oturuşmasının təməlində Ulu Öndər Heydər Əliyeyin 1993-cü ildən etibarən məhkəmə-hüquq sistemində başlatdığı və bu gün də möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla aparılan islahatlar durur. Ötən dövr ərzində hüquq sahəsində universal və regional standartların öyrənilməsi, bu xüsusda müasir informasiya-kommunikasiya texnologiyalarının dərindən mənimsənilməsi və tətbiqi aktuallıq kəsb etməkdədir. Artıq bir neçə ildir ki, ölkəmizdə insanların ədalət mühakiməsinə rahat çatımlılığının təmin edilməsi baxımından oturuşmuş sistemlər tətbiq olunmaqdadır.
 
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının əhəmiyyətini xüsusilə vurğulayan A.Bağırov həmçinin son dövrdə Kolllegiya tərəfindən görülən işlər barədə geniş məlumatı özündə ehtiva edən təqdimatı konfrans iştirakçılarının diqqətinə çatdırmışdır və Kollegiyanın son 4 ildəki fəaliyyəti barədə geniş məlumat vermişdir.
 
“2018-ci ildən Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı sənəd qəbulu daimi olaraq həyata keçirilib və ixtisas imtahanlarında iştirak üçün müraciət etmiş 4087 namizədin sənədi qəbul edilərək yazılı test imtahanına buraxılıblar. 2018-2022-ci illər arasında 9 yazılı test imtahanı keçirilib. Hazırda ölkəmizdə 2132 vəkil fəaliyyət göstərir", - deyə A.Bağırov qeyd edib.
 
Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı Ayxan Rüstəmzadə, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin professoru Əmir Əliyev, hüquq sahəsində alimlər, ictimai xadimlər iştirak ediblər.
 
Çıxış edənlər bildiriblər ki, XX əsrin sonu - XXI əsrin əvvəllərində Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyevin adı xalqımızın tarixinə böyük xilaskar kimi həkk olunub. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb.
 
Konfransın praktiki hissəsində “Vətən müharibəsi və post müharibə dövründə insan hüquqlarının müdafiəsində Ombudsmanın rolu”, “Konstitusiya qanunvericiliyinin inkişafında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rolu”, “Qanunların Konstitusiyaya uyğun təfsirinə dair məhkəmə doktrinası”, “XXI əsr və insan hüquqlarının müdafiəsində yeni istiqamətlər”, “Təhsil hüququnun realizəsində müasir nəzəri və praktiki problemlər”, “Siyasi-hüquqi sistemin inkişafında mənəvi dəyərlərin rolu və əhəmiyyəti”, “Cinayətkarın şəxsiyyətinin kriminoloji tədqiqinin aktual problemləri” və digər hüquqi mövzular üzrə məruzələr təqdim edilib, geniş fikir mübadiləsi aparılıb.