100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Əli Hüseynli: "Azərbaycan vəkilliyi nüfuzlu beynəlxalq hüquq tribunasına çıxış əldə edib"

19 May 2022    796 share share

"Mayın 13-də İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasının yekunları ölkəmizin hüquq ictimaiyyəti üçün xoş müjdə ilə yadda qaldı. Belə ki, 4 il ərzində davam edən əməkdaşlığın nəticəsi olaraq Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Avropa Şurası və Avropa İttifaqına üzv olan ölkələrin vəkillər kollegiyalarının və 1 milyondan çox vəkilin birləşdiyi nüfuzlu təşkilat olan CCBE-yə üzv qəbul olunub".
 
E-huquq.az xəbər verir ki, bu sözləri Modern.az-a deputat Əli Hüseynli deyib. O bildirib ki, təşkilatın əsas məqsədinin vəkil peşəsini tənzimləyən normativ qaydaların qəbulu vasitəsilə qanunun aliliyi, insan haqları və demokratik dəyərlərin müdafiəsi olduğunu nəzərə alsaq, bu hadisə artıq Avropa səviyyəsində müstəqil peşə birliyi kimi rəsmən tanınan Vəkillər Kollegiyasının beynəlxalq miqyasda əldə etdiyi çox böyük nailiyyətdir:
 
"Təbii ki, bu uğura aparan yol Azərbaycanda həyata keçirilən ardıcıl hüquqi islahatlar, vəkillik institutunun təkmilləşdirilməsi istiqamətində dövlət səviyyəsində atılan ciddi addımlar və mütərəqqi təcrübəyə söykənən səmərəli fəaliyyətlə müşaiyət olunur.
 
Ötən dövr ərzində “CCBE” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan vəkillərinin peşə davranış qaydalarını tənzimləyən əsasnamə CCBE-nin Avropa vəkillərinin etik davranış kodeksinə uyğunlaşdırılıb, kodeksin mütərəqqi normaları əsasnaməyə inkorporasiya olunub. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsinin presedent praktikası, habelə deontolgiya mövzularında keçirilən təlimlər Azərbaycan vəkillərinin peşə hazırlığının yüksəlməsinə mühüm töhfə verib".
 
Əli Hüseynlinin fikrincə, Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına üzvlük vəkillərimizin digər Avropa ölkələri ilə birgə layihələrin təşkili sayəsində müasir təcrübədən bəhrələnmək, peşə hazırlığının artırılması, onların fəaliyyətinin Avropa standartlarına uyğunlaşdırılması baxımından müstəsna əhəmiyyətə malikdir:
 
"Bu, eyni zamanda Vəkillər Kollegiyasının işinin mütərəqqi metodların tətbiqi ilə daha da təkmilləşdirilməsinə təsir göstərən mühüm amildir.
 
Böyük siyasi əhəmiyyət kəsb edən bu nailiyyət həm də Azərbaycan vəkilləri üçün artıq beynəlxalq tribuna vasitəsilə Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini digər beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır.
 
İkili standartların hələ də mövcud olduğu bir şəraitdə Azərbaycan Vəkillər Kollegiyasının Avropanın nüfuzlu CCBE təşkilatına böyük səs çoxluğu ilə üzv seçilməsi həm də ölkəmizin bugünkü reallıqlarının etirafı və son illər demokratiyanın, insan hüquqlarının daha vüsətlə inkişaf etdiyi Azərbaycanın hüquq institutlarının fəaliyyətinə verilən yüksək qiymətdir".