100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsinə dair tədbir keçirilib

01 June 2022    1563 share share

Ədliyyə Nazirliyinin, UNICEF-in və Mediasiya Şurasının birgə tərəfdaşlığı ilə mayın 31-də Bakıda “Mediasiya prosesləri zamanı ailə mübahisələrinin həllində uşaq hüquqlarının müdafiəsi məsələlərinin aktuallığı” mövzusunda tədbir keçirilib.
 
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova cəmiyyətimizin ən həssas və kövrək təbəqəsi olan uşaqların hüquqlarının qorunmasına Azərbaycan dövləti tərəfindən daim ciddi münasibət bəslənildiyini qeyd edib: “Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir, bu istiqamətdə ardıcıl mühüm addımlar atılaraq kompleks qanunvericilik, institusional və praktiki tədbirlər görülür. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların firavan və sağlam, yüksək mənəvi-əxlaqi mühitdə layiqli şəxsiyyət kimi yetkinləşməsi istiqamətində çoxşaxəli təşəbbüslərin uğurla həyata keçirilməsində respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mühüm fəaliyyəti xüsusi qeyd olunmalıdır. UNICEF və Mediasiya Şurası ilə birgə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş mediasiya prosesləri zamanı ailə münasibətlərinin həllində uşaq hüquqlarının müdafiəsi mövzusunda tədbirin keçirilməsi çox mühüm əhəmiyyət kəsb edir”.
 
Sonra çıxış edən UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykens hər bir uşağın müdafiə olunma və qayğı hüququnun olduğunu deyib. O, qeyd edib ki, uşaqlar zorakılıq, istismar kimi hallardan qorunmalıdırlar: “Uşaqların ailə üzvləri ilə münasibətlərinin qırılması zamanı belə hallar yaşanır. UNICEF belə hallarla mübarizə apararaq uşaqların hüquqlarının pozulmasının qarşısını almağa çalışır. Onların hüquqlarının qorunması üçün əlimizdən gələni edirik. Bu sahədə tədbirlərin həyata keçirilməsi üçün UNICEF Azərbaycanda aidiyyəti qurumlarla sıx əməkdaşlığı davam etdirir. Düşünürük ki, bu istiqamətdə müxtəlif layihələrin hazırlanıb həyata keçirilməsinə diqqət göstərilməlidir”.
 
İnsan hüquqları üzrə müvəkkili (ombudsmanı) Səbinə Əliyeva vurğulayıb ki, mediasiya uşaqların istəklərinə cavab verməlidir: "Boşanmalar bir çox hallarda adi hala çevrilir ki, bu da qəbuledilməzdir. Tərəflərin hüquqazidd hərəkətlər etmələri ilə tez-tez qarşılaşırıq. Belə hallar çox zaman uşağın kimdə qalması, harada yaşaması, həmçinin aliment hüququ ilə bağlı olur”. O, qeyd edib ki, nikahların sayı iki dəfə azalsa da, boşanma hallarının göstəricisi dəyişmir. Qeyri-rəsmi nikahların sayının da az olmadığına diqqət çəkən ombudsman belə ailələrdə doğulan uşaqların taleyinin risk altında olduğunu vurğulayıb.
 
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ailədə baş verən mübahisələr nəticəsində uşaqlarda depressiya, davranış pozğunluğunun yarandığını diqqətə çatdırıb: “Araşdırmalar sübut edir ki, ailədaxili münaqişələr, mübahisələr oğlan və qız övladlarına fərqli təsir göstərir. Bu hallar qızlara mənəvi cəhətdən təsir edirsə, oğlanlarda davranış pozğunluğuna yol açır. Şübhəsiz, bu kimi hallarda valideynlər diqqətli olmalıdırlar. Boşanma zamanı onlar bunu nəzərə almalıdırlar. Gələcəyimiz olan uşaqların hərtərəfli yetişməsi üçün əlimizdən gələni etməliyik. Uşaqların sağlam, savadlı olması hər birimizdən asılıdır".
 
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov qeyd etmişdir ki, “Vəkillər Kollegiyası da öz növbəsində uşaq hüquqlarının təmin edilməsi sahəsində Ədliyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF-lə bir çox birgə layihələr həyata keçirmişdir. Vəkillər tərəfindən bu vəzifələrin daha yaxşı icra olunması üçün UNICEF Azərbaycan və Vəkillər Kollegiyası arasında imzalanmış əməkdaşlıq sazişinə əsasən “Uşaq hüquqlarının müdafiəsinə dair” təlimat hazırlanmışdır. Təlimat Vəkillər Kollegiyasının Rəyasət Heyətinin 09.12.2020-ci il tarixli iclasının qərarı ilə metodik vəsait kimi vəkillərin istifadəsinə tövsiyə edilmişdir. Bundan əlavə, “ASAN Könüllüləri” Gənclər Təşkilatı və UNICEF tərəfindən Vətən müharibəsi zamanı narahatlıq və qorxu keçirən şəxslərə psixoloji və psixososial dəstəyin göstərilməsi məqsədilə “Fövqəladə hallarda uşaq müdafiəsi” layihəsi çərçivəsində pulsuz hüquqi yardım göstərilmişdir.
 
A.Bağırov həmçinin ödənişsiz hüquqi yardımın əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, zənnimcə pulsuz hüquqi yardım sahəsində də müəyyən dəyişikliklərə böyük zərurət var. Birinci instansiya və apelyasiya instansiya məhkəmələrində mülki işlər üzrə dövlət hesabına hüquqi yardım göstərilməsinə zərurət var. Təəssüf ki, hələ bu problem qalmaqdadır.
 
Sədr bildirib ki, birinci instansiya və apelyasiya məhkəmələrində mülki işlərdə ödənişsiz hüquqi yardım göstərilməsi ilə bağlı məsələ dəfələrlə qaldırılıb, ictimai müzakirəyə çıxarılıb: "Ən böyük problem odur ki, aztəminatlı ailələr ailə mübahisələri ilə bağlı pulsuz hüquqi yardım ala bilmirlər. Qanunda bununla bağlı hər hansı norma müəyyən olunmayıb. Nəticə etibarilə müraciətlərlə bağlı aidiyyəti dövlət qurumlarından bizə müraciətlər daxil olur. Biz vəkillər bu müraciətlərə həssas yanaşırıq. Hər bir şəxsə tamamilə ödənişsiz hüquqi yardım göstəririk".
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxışında ilk beş ayda quruma uşaq tələbi ilə bağlı 110 müraciət daxil olduğunu deyib. O, qeyd edib ki, bəzi hallarda uşağın zorla qarşı tərəflə görüşdürülməsi və himayəyə verilməsi hallarına da rast gəlinib. A.Sofiyeva sənədlərin icrası zamanı bəzən uşaqların psixi-emosional vəziyyətinin düzgün qiymətləndirilməməsi hallarının aşkarlandığını vurğulayıb. O, diqqətə çatdırıb ki, uşaqların mənafeyi ilə bağlı məsələlərin həssaslığı, xüsusən nəzərə alınmalı, qeyri-hökumət təşkilatları və dövlət qurumları, eləcə də bu sahədə məşğul olan mütəxəssislərlə qarşılıqlı iş görülməlidir.
 
Mediasiya Şurası idarə heyətinin sədri Nadir Adilov Bakıda fəaliyyət göstərən 15 mediasiya təşkilatına 10 min 197 müraciət daxil olduğunu bildirib. O, deyib ki, Mediasiya Təşkilatları olmayan regionlar üzrə Şura tərəfindən bölünən işlərin və o cümlədən mediasiya təşkilatı olan regionlarda mediasiya təşkilatı tərəfindən bölünən ümumi işlərin sayı 15 min 18 olub: “Burada ailə mübahisəsi 12 min 872, kommersiya mübahisəsi 1550, əmək mübahisəsi 596 olub. Mediasiya Şurasına regionlardan daxil olan müraciətlərin sayı 4 min 821 olub. Ailə müraciətlərinin sayı 4 min 238, kommersiya müraciətlərinin sayı 379, əmək müraciətlərinin sayı isə 104 olub”. O, qeyd edib ki, bu ilin 5 ayında 568 barışıq sazişi olub. Bunun 478-i ailə münaqişələrinin, 124-ü kommersiya, 101-i əmək münasibətlərində əldə olunub.
 
Sonra uşaq hüquqlarının müdafiəsi məsələlərində mediasiya islahatlarının önəmi ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə dövlət orqanlarının nümayəndələri, hakimlər, mediatorlar, vəkillər, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib, təkliflər veriblər.
 
Tədbirdə uşaqların maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələrdə onların normal böyümələrinə və inkişafına təhlükə yaradan amillər müzakirə olunub, suallar cavablandırılıb.



























​​​​​​​