100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “açıq qapı” günü keçirilib

01 June 2022    1547 share share

BMT Baş Assambleyasının qərarına əsasən müəyyən edilmiş 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ölkəmizdə geniş qeyd edilir.
 
Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.
 
Uşaqlarla aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb.
 
Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.
 
Cəmiyyətimizin həssas və kövrək qrupu olan uşaqların müdafiəsi və inkişafı çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması daim diqqətdə saxlanılır, azad cəmiyyətə daha tez uyğunlaşması məqsədilə onların islahı və asudə vaxtının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması ilə bağlı ardıcıl tədbirlər görülür, saxlanma şəraiti müasirləşdirilir. Cari ildə Bakıda yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni inşa olunmuş penitensiar müəssisələrin istifadəyə verilməsi, dövlətimizin başçısının həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olması insan haqlarının, o cümlədən məhkumların hüquqlarının qorunmasına verilən xüsusi önəmin əyani təzahürüdür.
 
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən həmin müəssisələrdə yetkinlik yaşına çatmayan məhkumların valideynləri ilə və qadın məhkumlar üçün uşaqları ilə görüşü təşkil olunub, “açıq qapı” günü keçirilib.
 
Tədbirdə Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, İnsan hüquqları üzrə Müvəkkil Səbinə Əliyeva, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, vəkillər, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri, vətəndaş cəmiyyəti institutları, ictimaiyyətin digər nümayəndələri və media mənsubları iştirak ediblər.
 
Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsindən, uşaqların hərtərəfli inkişafına göstərilən yüksək qayğıdan, uşaq hüquqlarının etibarlı təminatından bəhs ediblər. Qadın və yeniyetmə məhkumların hüquqlarının qorunması, sosial adaptasiyası, saxlanma şəraitinin müasirləşdirilməsi üzrə görülən tədbirlər vurğulanıb.
 
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Bakı şəhəri Nəsimi rayonu H.Sarabiski adına 7 nömrəli uşaq musiqi məktəbinin təşkil etdiyi musiqili-əyləncəli konsert proqramı ilə davam edib, uşaqların ifasında mahnılar, şeirlər dinlənilib, rəqslər edilib. Həmçinin Füzuli rayonu S.Şuşinski adına uşaq incəsənət məktəbinin uşaq kollektivinin rəsmlərdən ibarət sərgiləri nümayiş etdirilib. Penitensiar müəssisənin özfəaliyyət dərnəyi də proqramda iştirak ediblər.
 
Tədbir iştirakçıları əlamətdar bayram münasibətilə uşaqlara təbriklərini çatdırıblar. Onlara hədiyyələr, o cümlədən “SkyPark” uşaq əyləncə mərkəzlərində iştirak etmək üçün kuponlar təqdim ediblər. Bununla yanaşı, yetkinlik yaşına çatmayan məhkumlara mütaliə marağının artırılması məqsədilə bədii əsərlərdən ibarət kitablar hədiyyə olunub.
 
Bayram şənliyi uşaqlar tərəfindən böyük maraq və sevinc hissi ilə qarşılanıb. Daim dövlət qayğısı ilə əhatə olunan uşaqlar üçün Ədliyyə Nazirliyi tərəfindən belə tədbirlərin təşkilinə görə minnətdarlıq ifadə edilib.

















































​​​​​​​