Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Respublikası Vəkillər Kollegiyasını CCBE-yə üzv qəbul olunması münasibətilə təbrik etmişdir. Bu barədə Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Vəkillər Kollegiyasına təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunur:
"Hörmətli Anar müəllim, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibəti ilə Sizi və Sizin şəxsinizdə Azərbaycan vəkillərini Sosial Tədqiqatlar Mərkəzi və Milli Məclisin İnsan Hüquqları Komitəsi adından təbrik edirəm.
Azərbaycanın vəkil qurumunun Avropa Şurasına və Avropa İttifaqına üzv olan ölkələrin vakillər kollegiyalarını, hüquq cəmiyyətlərini və bir milyondan çox vəkili özündə birləşdirən təşkilata-CCBE-yə üzv qəbul olunması böyük nailiyyətdir. Bu nailiyyətin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanda müdafiə təsisatının inkişafına verdiyi dəstək, o cümlədən "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral Sərəncamı, eləcə də rəhbərlik etdiyiniz peşə təşkilatında son bir neçə il ərzində ciddi islahatları uğurla həyata keçirməsi, vəkillik təsisatının tam müstəqilləşməsi, vəkillik təsisatının müasir Avropa standartlarına yaxınlaşması əhəmiyyətli rol oynamışdır.
Ümid edirik ki, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası nüfuzlu Avropa qurumunda ölkəmizi layiqincə təmsil edəcəkdir."