100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Legalaid” mobil tətbiqinin təqdimat mərasimi keçirilmişdir

06 June 2022    1552 share share

“Legalaid” Hüquq Şirkəti və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə yaradıcılıq məhsulu olan “Legalaid” mobil tətbiqinin təqdimat mərasimi keçirilmişdir.
 
Azərbaycan Respublikasında hüquqi texnologiya sahəsində ilk olan “Legalaid” Hüquq Şirkəti 01 iyun 2022-ci il tarixində Vəkillər Kollegiyasının rəhbərliyi, müxtəlif dövlət qurumlarının nümayəndələri, KİV nümayəndələri, səfirliklər, IT mütəxəssisləri, şirkət rəhbərləri və digər qonaqların iştirakı ilə öz yaradıcılıq məhsulu olan “Legalaid” mobil tətbiqi üçün təqdimat xarakterli görüş keçirmişdir. Görüşün əsas məqsədi “Legalaid” mobil tətbiqinin böyük bazara daxil olmasına şərait yaratmaq, həmçinin vətəndaşları, vəkil və hüquqşünasları bu mobil tətbiqin imkanları barəsində məlumatlandırmaqdan ibarətdir.
 
“Legalaid” mobil tətbiqinin yaradılmasında başlıca səbəb vətəndaşların günün istənilən vaxtında və yerindən asılı olmayaraq onlayn, rahat və keyfiyyətli hüquqi yardıma çatımlılığını təmin etmək və vətəndaşlara ilkin ödənişsiz hüquqi yardım göstərməkdir.
 
Tədbiri “Legalaid” Hüquq Şirkətinin təsisçi və direktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sona Səlimli-Ələsgərova tədbirdə iştirak edən qonaqları salamlayaraq açıq elan etmiş və şirkətin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri cənab Anar Bağırov və sədr müavini cənab Pərviz Ələkbərov ötən illər ərzində vəkillikdə innovasiyaların tətbiqinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının xüsusi diqqət mərkəzində olan məsələlərdən biri olduğunu qeyd etmiş, “Legalaid” Hüquq Şirkəti tərəfindən həyata keçirilən layihələrə görə şirkətin direktoru Sona Səlimli-Ələsgərovanı xüsusi təşəkkürnamə ilə təltif etmiş və müvafiq istiqamətlər üzrə əməkdaşlığın genişlənəcəyini bildirmişlər.
 
Tədbirdə eyni zamanda Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək qeyd etmişdir ki, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamda vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin genişləndirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunmuşdur. Qeyd olunan tövsiyənin icrası çərçivəsində “LegalAid” elektron hüquqi yardım mobil tətbiqi mühüm rol oynayır.
O həmçinin qeyd etmişdir ki,mobil tətbiq son dövrlərdə ölkəmizdə aparılan hərtərəfli islahatlar, rəqəmsal transformasiyanın daha bir nümunəsi olmaqla vətəndaşların vəkillərə müraciət imkanlarını genişləndirmiş və fasiləsiz, keyfiyyətli hüquqi yardıma əlçatanlığı daha da artırmış. Eyni zamanda, “LegalAid” proqram təminatı vətəndaş mərkəzli bir addım olmaqla vətəndaşların hüquqi yardım xidmətlərinə çatımlığını asanlaşdıracaq, onların resurslarına qənaət etmiş və vəkillər tərəfindən hüquqi yardım göstərilməsində səmərəliyi daha da artırmışdır.
 
Tədbir şirkətin əməkdaşları tərəfindən hüququn müxtəlif sahələri, xüsusən Covid-19 pandemiyasının təsirləri, Əqli Mülkiyyət, Uşaq hüquqları, Süni İntellekt, həmçinin “Legalaid” mobil tətbiqinin iş prinsipi ilə bağlı edilən maraqlı təqdimatlarla davam etmişdir.
 
Sonda “Legalaid” Hüquq Şirkətinin sponsoru olduğu “Proyekt 2602” adlı, Xocalı faciəsindən bəhs edən tammetrajlı filmin rejissoru Rafiq Hacıyev tərəfindən filmin demo versiyasının təqdimatı baş tutmuşdur.
 




​​​​​​​