100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Gürcüstan Vəkillər Kollegiyasının nümayəndə heyəti Azərbaycana səfər etmişdir.

02 November 2022    1421 share share

Bu gün ölkəmizdə səfərdə olan Gürcüstan Respublikası Vəkillər Kollegiyasının sədri, Avropa Vəkillər Assosiasiyasının (AEA-EAL) vitse-prezidenti cənab David Asatianinin rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının rəhbərliyi ilə görüşmüşdür. 

Görüşdə Kollegiyanın sədri Anar Bağırov qonaqları salamlamış, son dövrlər hər 2 Kollegiya arasında qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən, faydalı və qarşılıqlı fəaliyyətdən, əlaqələrin daim inkişaf etdirildiyindən bəhs etmişdir.
 
Geniş təqdimat ilə çıxış edən Vəkillər Kollegiyasının Aparat rəhbəri Bayram Orucov ötən dönəm ərzində yerli və xüsusilə beynəlxalq arenada Kollegiya tərəfindən görüşən işlər barədə təfərrüatlı məlumat vermişdir.

Daha sonra Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani çıxış edərək bildirib ki, "Azərbaycan Vəkillər Kollegiyası beynəlxalq səviyyədə çox böyük nüfuz qazanıb, CCBE və bir sıra beynəlxalq formatlarda layiqli şəkildə təmsil olunur. Hesab edirəm ki, burada Vəkillər Kollegiyasının sədri Anar Bağırovun böyük xidməti var. Çünki o, Azərbaycan vəkilliyini daim yeniliklərlə inkişaf etdirir. Məncə, azərbaycanlı həmkarlarım belə nüfuzlu və fəal sədrlə fəxr etməlidirlər".
O, iki ölkə arasında vəkillik sahəsindəki əməkdaşlığı yüksək qiymətləndirib: "Gürcüstan Vəkillər Kollegiyası ilə Azərbaycan Vəkillər Kollegiyası uzun illərdir ki, çox fəal şəkildə əməkdaşlıq edir. Birincisi, ona görə ki, biz qardaş ölkələrik, mehriban qonşuluq münasibətlərimiz var. Digər tərəfdən, peşəkar əlaqələrimiz mövcuddur. Bilirsiniz ki, hər iki ölkənin vətəndaşları da fəal şəkildə həm biznes, həm də iqtisadi əlaqələr qurublar və bu əlaqələr inkişaf etməkdədir. Həm vətəndaşların, həm də biznes subyektlərinin hüquqlarının müdafiəsi bizdən böyük məsuliyyət tələb edir. Bu da daha sıx əməkdaşlıq etməyimizə təkan verir. Mən Azərbaycan vəkillərinə fəaliyyətlərində uğurlar arzulayır və əlaqələrimizin daha da inkişaf edəcəyinə ümid edirəm".

O cümlədən, nümayəndə heyətləri tərəfindən ünvanlanan suallar cavablanmış, fikir mübadiləsi aparılmışdır. 

Görüşdə həmçinin Gürcüstan Vəkillər Kollegiyası İdarə Heyətinin üzvləri - xanım Mariam Kublashvili, cənab Tarieli Kakabadze və kollegiyanın üzvü Amiran Giguashvili və Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Lalə Nağıyeva və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova iştirak etmişlər.

Görüşün sonunda xatirə fotosu çəkilmişdir. 

Sonra qonaqlar Kollegiyanın Hüquqi Yardım və Tədris Mərkəzini ziyarət ediblər. Mərkəzin direktoru Şahmar Məmmədov qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. 

Daha sonra qonaqlar “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunda olublar. Məlumat verilib ki, Vəkillər Kollegiyasının dəstəyi ilə ofisdə Dünya Vəkillik tarixinin simvolu olan “Dünya Vəkil Cübbələri Muzeyi” yaradılıb və dünyanın müxtəlif ölkələrindən Vəkil cübbələri (Mantiya) gətirilib. Bildirilib ki, muzeyin kolleksiyasında ümumilikdə 10 minə yaxın eksponat yerləşir. 

Sonda qonaqlar üçün rəsmi ziyafət təşkil edilib.