100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası ilə ADA Universiteti arasında memorandum imzalanıb

16 November 2022    1306 share share

Noyabrın 15-də Vəkillər Kollegiyası ilə ADA Universiteti arasında hüquq təhsili və təcrübəsinin sıx inteqrasiyasının təmin edilməsi, hüquq tələbələri və məzunlarının təhsil keyfiyyətinin və peşə fəaliyyətinin yaxşılaşdırılması məqsədilə birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
 
İlk olaraq, qonaqları salamlayan Universitet rəhbərliyi ali təhsil müəssisəsinin yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra, ADA Universitetində olmaqdan məmnunluğunu bildirən Vəkillər Kollegiyasının sədri Anar Bağırov, bu ilin sentyabrında ADA-da Hüquq fakültəsinin yaradılmasında və bu gün də əməkdaşlığın rəsmi təməlinin qoyulmasındakı təşəbbüslərinə görə Universitetin rektoru professor Hafiz Paşayevə, icraçı prorektoru Fariz İsmayılzadəyə və Hüquq Fakültəsinin qurucu dekanı Rəşad İbadova öz minnətdarlığını bildirmişdir.
 
Qeyd edək ki, ADA Universiteti ilə Vəkillər Kollegiyası arasında son bir neçə il ərzində səmərəli əməkdaşlıq münasibətləri qurulub və nəticə etibarilə də,  bu il yay aylarında vəkil qurumlarında tələbələr üçün formallıqdan tam uzaq olan, yeni model təcrübə proqramı layihəsinə start verilmiş və 20 ADA tələbəsi 1.5 ay müddətində müxtəlif vəkil qurumlarında təcrübə keçmişdirlər. Eyni zamanda, Kollegiyanın təşəbbüsü ilə ölkədə ilk dəfə 300-dən artıq hüquqşünas tələbənin müraciət etdiyi 1 aylıq Yay Məktəbinə də ADA-dan 31 tələbə qatılaraq, aktiv iştirak etmiş, nəzəri və təcrübi biliklərə yiyələnmişlər.
 
O cümlədən, təcrübəli vəkillər də ADA-nın Hüquq Fakültəsində müəllim-professor heyətində təmsil olunmaqla hüquq təhsili və elmində, tələbələrin peşəkar inkişafında mühüm rol oynayırlar. 
 
Əminliklə bildiririk ki, hüquq sahəsində elm və təcrübə arasında ciddi bağların yaranmasına xüsusi əhəmiyyət verən ADA ilə Kollegiya arasındakı formalaşmış sıx əməkdaşlıq bu gündən etibarən hüquq elminin inkişafı istiqamətində yerli və beynəlxalq təcrübənin birlikdə öyrənilməsi, Kollegiyanın Biznes Hüququ Komitəsi və digər məsələlər üzrə planlaşdırdığımız layihələr ölkədəki hüquq məktəbi və təhsili üçün əməli töhfəsini verəcəkdir.
 
Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.



















​​​​​​​