24.11.2022-ci il tarixində Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclasda son dövrlər Vəkillər Kollegiyası tərəfindən görülən işlərin vəziyyəti və Kollegiyanın cari fəaliyyəti barədə ümumi məlumat verilmişdir.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 2 vəkilliyə namizədin və hüquq elmləri doktoru Ərəstun Qasımovun andiçmə mərasimi keçirilmişdir.
Məlum olduğu kimi, Rəyasət Heyətinin müvafiq qərarı ilə Vəkillər Kollegiyasının nəzdində “Kibercinayətkarlıq və Kibertəhlükəsizlik Komitəsi” yaradılmış və bu gün keçirilən iclasda isə əsasnaməsi təsdiq edilmişdir.
Eyni zamanda, iclasda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunacaq VIII "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası" və “Philip C. Jessup” Beynəlxalq hüquq üzrə məhkəmə müsabiqəsində iştirak edəcək komandanın qeydiyyat xərclərinin qarşılanması ilə bağlı müraciətlərə baxılmış və müvafiq maddi dəstəyin göstərilməsi ilə bağlı Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul olunmuşdur.
Həmçinin iclasda 3 yeni vəkil bürosunun təsis edilməsi ilə bağlı məsələ müzakirə olunmuş və büroların təsisi ilə bağlı müsbət rəy verilmişdir.
Eyni zamanda iclas gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılmışdır.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar verilmişdir.
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə müzakirə edilmişdir.