Məlum olduğu kimi, Vəkillər Kollegiyası ilə ADA Universiteti arasında son illərdə qurulmuş səmərəli əməkdaşlıq çərivəsində, bu il də yay aylarında Vəkil Bürolarında tələbələr üçün formallıqdan tam uzaq olan, yeni model təcrübə proqramı layihəsinə start verilmiş və 20 ADA tələbəsi 1.5 ay müddətində müxtəlif vəkil qurumlarında təcrübə keçmişdirlər.
Bu ərəfədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov ilə həmin təcrübəçi hüquq tələbələri arasında görüş baş tutmuş və görüş zamanı sədrin təşəbbüsü ilə Bürolarda təcrübə keçmiş ADA tələbələri üçün vəkililik mövzusunda məqalə müsabiqəsi elan edilmişdir. Məqalə müsabiqəsinin nəticəsində "Yusif Allahverdiyev & Partnyorları" Vəkil Bürosunda təcrübə keçmiş Nihat Alışov müsabiqənin qalibi olmuşdur. N. Alışovun məqaləsi "Avropa təcrübəsində Vəkillik fəaliyyəti zamanı etik davranış prinsipləri" mövzusuna həsr olunmuşdur.
Məqalə ilə aşağıdan tanış ola bilərsiniz:
Avropa təcrübəsində Vəkillik fəaliyyəti zamanı etik davranış prinsipləri
Biz bizdən aşağıda kimsənin olduğunu iddia etmirik, lakin iyerarxik olaraq bizdən yuxarıda kimsənin olmasını da qəbul etmirik. – Molyarak
Hüququn aliliyi hər bir demokratik cəmiyyətin əsasını təşkil edir[1]. Demokratik cəmiyyətdə ədalət mühakiməsi elə bərqərar edilir ki, hüququn aliliyinin təmin edilməsi heç bir maneə olmadan həyata keçirilsin. Bu məsələdə isə vəkillər önəmli rol oynayırlar[2]. Vəkillər məhkəmə və tərəflər arasında körpü rolunu oynayaraq şəxslərin hüquqlarının məhkəmə qarşısında müdafiə edilməsində, onlara hüquq və azadlıqlarının təmini ilə bağlı yardımın göstərilməsində, tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll edilməsində başlıca rol oynayır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Belə hüququ yardımın göstərilməsi isə daha çox vəkillər tərəfindən gerçəkləşdirilir. Təbii ki, vəkillər fəaliyyət zamanı mümkün qədər keyfiyyətli xidmətin göstərilməsi və vəkillik peşəsinin nüfuzunu qorumaq üçün bir sıra yerli və beynəlxalq hüquq normaları ilə müəyyən edilmiş davranış qaydalarına əməl etməlidirlər. Belə davranış qaydaları isə əsasən, beynəlxalq hüquq normaları olaraq “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Avropa vəkillərinin davranış Kodeksi” ilə, yerli hüquq norması olaraq isə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) davranış qaydaları əsasında hazırlanmış “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə ilə müəyyən edilir. Bu hüquq normalarına görə vəkillərin müstəqilliyi, vəkillik fəaliyyəti zamanı konfidensiallıq, vicdanlı davranış kimi prinsiplər ön plana çıxır.
Müstəqillik prinispi vəkillik fəaliyyəti barədə müəyyən edilmiş prinsiplərin mərkəzində dayanır. Bu prinsipə əsasən vəkillər fəaliyyətləri zaman müştərilər də daxil olmaqla heç bir şəxsdən siyasi, iqtisadi və intellektual baxımdan asılı olmamalıdırlar[3]. Müstəqillik prinsipinə görə vəkil fəaliyyəti zamanı onun şəxsi maraqlarının, qıraq təsirlərin və ya hər hansı formada müştərinin maraqlarının/ hüquqlarının müdafiəsi ilə ziddiyət təşkil edəcək halların mövcud olmadığından əmin olmalıdır. Vəkillərin fəaliyyəti barədə müstəqillik prinsipi hüququn aliliyini təmin edən əsas şərtlərdən biridir[4]. Belə ki, vəkilin müştərinin hüquqlarını tam şəkildə, maneəsiz və heç bir kənar təsirə məruz qalmadan müdafiə edə bilməsi həmin ölkədə ədalət mühakiməsinin həyata keçirilməsinin və hüququn aliliyinin movcudluğunun göstəricisidir. Vəkilin öz vəzifəsini düzgün yerinə yetirməsi üçün vacibdir ki, o, müstəqil hərəkət etsin. Vəkillərin müstəqil, kənar təsirlərdən azad şəkildə hərəkət etmələrində isə onun üvzü olduğu Vəkillər Kollegiyası önəmli rol oynayır. Vəkillər Kollegiyası bu məqsədə vəkillərin cəmiyyətdəki rolunun müdafiəsi, vəkillik peşəsininə məhkəmə hakimiyyətinin müstəqilliyinin qorunub saxlanılması, vəkilin müştərisindən iqtisadi və intellektual asılılığının qarşısını almaqla nail ola bilər[5].
Konfidensiallıq prinsipi vəkillik fəaliyyətini həyata keçirmək üçün həm yerli, həm də xarici səlahiyyətli orqanlar tərəfindən müəyyən edilmiş ən önəmli prinsiplərdən biridir. Bu prinsiplə o nəzərdə tutulur ki, vəkil peşəkar fəaliyyəti zamanı ona məlum olan heç bir məlumatı üçüncü şəxslər ilə paylaşa bilməz. Bu sayədə vəkil və müştəri arasında məlumatın ötürülməsi üçün güvənli zəmin yaranır ki, bu sayədə vəkil müştərinin hüquqlarını ən optimal şəkildə müdafiə edə bilir. Belə ki, vəkil və müştəri arasında elə bir etimad olmalıdır ki, müştəri problemin həllində rol oynayacaq istər şəxsi, istər kommersiya sirri xarakterli, istərsə də digər növ məlumatları açmaq üçün çəkinməsin. Bəzən müştərinin çəkindiyi üçün və ya başqa səbəbdən vəkillə paylaşmadığı məlumat mübahisənin taleyində həlledici rol oynayır. Bu səbəbdən də vacibdir ki, müştəri heç bir tərəddüdü olmadan iş barədə onda olan məlumatları tam ötürsün. Konfidensiallıq prinsipi məlumatın onun formasından (verbal, yazılı və ya virtual), verilmə mənbəyindən (nəinki müştərinin özündən, hətta onun qohumları, biznes partnyorları və ya onunla əlaqəsi olmayan üçüncü şəxslərdən) və zamandan (tərəflər arasında müqavilə qüvvədən düşdükdən sonra belə) asılı olmayaraq şamil olunur[6].
Digər bir prinsip isə etimad və vicdanlılıq prinsipidir. Belə ki, bu prinsipin tələblərinə görə, vəkillər öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməlidir. Vəkillər hər bir kəsə vicdanlılıq nümunəsi olaraq yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir[7]. Həmçinin vəkillər nəzərə almalıdırlar ki, vəkillik peşəsi bir çox halda iki tərəfin münaqişəsi ilə əlaqədar olduğundan onlar müştəriyə, qarşı tərəf və onun nümayəndəsinə, məhkəməyə, məhkəmə işçilərinə qarşı heç bir qərəzli və ya ədavətli münasibət nümayiş etdirməməlidir[8]. Vəkillər şərəf, ləyaqət və vicdanlılıq kimi dəyərləri öz peşə borcu olaraq görməli və bu dəyərləri əsas götürərək fəaliyyət göstərməlidirlər. Yalnız bu zaman vəkilə qarşı etimad heç bir şübhə doğurmadan mövcud ola bilər.
Baxmayaraq ki, “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya və “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə birbaşa olaraq öz təsdiqini tapmayıb, lakin düşünürəm ki, maraqların toqquşması barədə prinsip də vəkillərin fəaliyyətinin düzgün təşkili üçün ciddi rol oynadığından mahiyyətinə nəzər salınmalıdır. Bu prinsipə əsasən vəkil müştəri ilə vəkilin və ya digər müştərinin maraqlarının toqquşduğunu müəyyən edirsə, bu zaman vəkil hüquqi yardım göstərməkdən çəkinməlidir. Vəkil nəinki maraqların toqquşması mövcud olduqda, hətta belə ziddiyətin yaranmasına əsas verəcək əhəmiyyətli risk olduqda belə hüquqi yardımın göstərilməsindən əl çəkməlidir[9]. Buna görə də, vəkillər maraqların toqquşması ehtimalını nəzərdə saxlamalı və fəaliyyətləri zamanı bu ehtimalı hər daim ölçməlidirlər. Lakin bu heç də yaranan hər bir ziddiyətə görə vəkilin hər zaman həmin məsələ ilə bağlı hüquqi yardım göstərməsindən imtina etməli olduğu mənasına gəlmir. Aydındır ki, vəkil ilə müştəri arasında hüquqi yardıma görə ödənişin razılaşdırılması, onlar arasında bağlanan müqavilənin müddəalarından irəli gələn maraqlar və s. kimi bir sıra fərqli maraqların toqquşması halı mövcuddur. Lakin belə hallar bu prinsipin əhatə dairəsinə düşmür, çünki belə maraqlar vəkilin öz şəxsi maraqları yox, professional maraqları hesab olunur. Digər bir misal isə hüquq şirkətinin iki rəqib müştərinin maraqlarını təmsil etməsi ola bilər. Baxmayaraq ki hüquq şirkəti iki rəqib müştəriyə hüquqi yardım gösətir, şirkətin belə yardımdan imtina etmək vəzifəsi yalnız müştərilərin maraqlarının toqquşduğu məsələ ilə məhdudlaşır. Maraqların toqquşması prinsipi həm də konfidensiallıq, müstəqillik və loyallıq kimi digər əsas prinsiplər ilə də sıx bağlıdır.
Beləliklə, həm yerli, həm də beynəlxalq hüquq normalarına əsasən vəkillik fəaliyyətini tənzimləyən bir sıra əsas prinsiplər vardır ki, onlar olmadan və ya lazımınca olmadıqda ədalət mühakiməsinin tam həyata keçirilməsi mümkün deyil. Vəkillər fəaliyyət zamanı müstəqil olmalı, konfidensiallığı qorulmalı, işinə şərəf və ləyaqətlə yanaşmalı və maraqların hər hansısa formada toqquşması zamanı hüquqi yardım göstərməkdən imtina etməlidir. Bu prinsiplərin hər biri vəkillər və vəkillik fəaliyyətinin nüfuzunun artmasına, onlara qarşı cəmiyyət tərəfindən etimadın yüksəlməsinə səbəb olur. Bu səbəbdən də həm bu prinsiplər, həm də müvafiq hüquq normalarında qeyd edilən digər prinsiplər hər bir vəkil tərəfindən fəaliyyətləri zamanı nəzərə alınmalı və əməl edilməlidir.
İstinadlar
Azərbaycan Respublikasının Konstitusiyası
“Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamə
Avropa Hüquqşünasları üçün Nümunə Davranış Kodeksi
“Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya
Avropa vəkillərinin davranış Kodeksi
“Vəkillər və Vəkillik Fəaliyyəti haqqında” Qanun
Beynəlxalq Vəkillər Assosiasiyası, Vəkillərin Rolu barədə Başlıca Prinsiplər və Hüquqi Peşənin Müstəqilliyi barədə BVK Standartları
[1] Avropa Hüquqşünasları üçün Nümunə Davranış Kodeksi, 2021, Preambl, qəbul edilmə tarixi: 8 oktyabr 2021, səhifə 4
Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 7.1
[2] Avropa vəkillərinin davranış Kodeksi, Preambl, Maddə 1.1
[3] CCBE, “Avropada vəkil peşəsinə dair əsas prinsiplər haqda” Xartiya, 25 Noyabr 2006, prinsip (a)
[4] Avropa Hüquqşünasları üçün Nümunə Davranış Kodeksi, 2021, Müstəqillik barədə Nümunə Maddə, qəbul edilmə tarixi: 19 may, 2017, səhifə 6
[5] Beynəlxalq Vəkillər Assosiasiyası, Vəkillərin Rolu barədə Başlıca Prinsiplər və Hüquqi Peşənin Müstəqilliyi barədə BVK Standartları, 2020, səhifə 12
[6] Avropa Hüquqşünasları üçün Nümunə Davranış Kodeksi, 2021, Konfidensiallıq barədə Nümunə Maddə, qəbul edilmə tarixi: 2 dekabr, 2016, səhifə 12
[7] “Vəkillərin Davranış Qaydaları haqqında” Əsasnamə, Maddə 2.2
[8] Beynəlxalq Vəkillər Assosiasiyası, Vəkillərin Rolu barədə Başlıca Prinsiplər və Hüquqi Peşənin Müstəqilliyi barədə BVK Standartları, 2020, səhifə 16
[9] Avropa Hüquqşünasları üçün Nümunə Davranış Kodeksi, 2021, Maraqların toqquşması barədə Nümunə Maddə, qəbul edilmə tarixi: 2 dekabr, 2016, səhifə 8