100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Hüquqşünasların (Vəkillərin) Müdafiəsi barədə Konvensiya layihəsinin hazırlanmasına dair növbəti iclas keçirilib

30 November 2022    1068 share share

08 – 10 noyabr 2022-ci il tarixlərində Fransanın Strasburq şəhərində Hüquqşünasların (Vəkillərin) Müdafiəsi üzrə Ekspertlər Komitəsinin (CJ-AV) Vəkillərin Müdafiəsi barədə Konvensiya (Konvensiya) layihəsinin hazırlanması istiqamətində 3-cü iclasını keçirmişdir. İclasda üzv dövlətin nümayəndəsi qismində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Allahverən Oruclu iştirak etmişdir. 

CJ-AV-nin bu iclasında əvvəlki iclaslarda müzakirə edilmiş mövzuların davamı olaraq, Konvensiya layihəsinin əsasən hüquqşünas (vəkil), müştəri, potensial müştəri, peşə birliyi, peşə fəaliyyətinə qəbul, peşəkar hüquqlar və digər müddəaların tərifi və məzmunu müzakirə olunmuş, yeni əlavə və dəyişikliklər edilmiş, habelə müzakirə edilmiş bəzi müddəaların mətnlərinin yenidən hazırlanması və üzvlərə göndərilməsi qərara alınmışdır.

Bundan əlavə, Konvensiyanın icra, təqib, monitorinq və nəzarət mexanizmləri ilə bağlı müxtəlif variantlar və Avropa Şurasının digər orqanlarının təcrübəsi müzakirə edilmiş, o cümlədən, Korrupsiya Əleyhinə Dövlətlər Qrupu (GRECO) və Sosial Hüquqlar üzrə Avropa Komitəsinin (ECSR) katibliyinin nümayəndələrinin təqdimatları dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.

Habelə, iclasda  Avropa Şurasının Müqavilələr Ofisinin nümayəndəsinin Konvensiyalara qoşularkən dövlətlərin qeyd-şərt (rezervasiya) etmək imkanlarından bəhs edən təqdimatı dinlənilmiş, müxtəlif variantlar ətrafında müzakirələr aparılmışdır.

CJ-AV-nin 3-cü dəfə keçirilən bu iclaslarında üzv ölkə Azərbaycan Respublikası adından, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının nümayəndəsi kimi çıxış edən A.Oruclu müzakirələrdə şərhlər və təkliflərlə yaxından iştirak etmişdir.

Qeyd edək ki, Avropa Şurasının Hüquqi əməkdaşlıq üzrə Avropa Komitəsinin yeni təsis edilmiş alt-qurumu olan CJ-AV-nin əsas məqsədi vəkillərin (hüquqşünasların) peşə fəaliyyətini sərbəst həyata keçirmələrini və bu peşə ilə məşğul olmaq hüququnun müdafiəsini gücləndirməyə yönələn, onların müstəqilliyini təmin etmək üçün tətbiq edilən minimum standartların toplusunu müəyyən edən, eləcə də bu sahədə müəyyən mexanizmin yaradılmasını ehtiva edəcək hüquqi sənəd layihəsini hazırlamaqdır.