100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

“Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda konfrans başa çatıb

08 December 2022    1031 share share

7 dekabr 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının təşkilatçılığı ilə “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda keçirilən konfrans başa çatıb.
 
Konfransda məişət zorakılığına məruz qalmış ahıllar və əlilliyi olan şəxslərə xüsusi dəstək proqramlarının həyata keçirilməsinə dair təlimat və məişət zorakılığına məruz qalmış ahıllar və əlilliyi olan şəxslər üçün hazırlanmış xüsusi dəstək proqramı təqdim edilib.
 
Dövlət Komitəsinin sədri Bahar Muradova, qonaqları salamlayaraq, konfransın işinə uğurlar arzulayıb. O, tədbirin məhz insan hüquqları aylığında keçirilməsinin təsadüfi olmadığını, məişət zorakılığının aktual sosial problem olmaqla yanaşı, həm də insan hüquq və azadlıqlarını zəiflədən problem olduğunu vurğulayıb.
 
Qanunvericilikdə məişət zorakılığına məruz qalmış şəxslər üçün çox sayda hüquqi və sosial müdafiə tədbirlərinin müəyyən edildiyini bildirən Bahar Muradova, son illərdə məişət zorakılığı ilə bağlı Komitəyə edilmiş müraciətlərin statistikasını müqayisə edib. Əlavə edib ki, həyata keçirilən müdafiə tədbirləri, xidmətlər inkişaf etdikcə insanlar problemlərini bildirməyə daha çox meyilli olurlar. Zorakılığa məruz qalma riski yüksək olan həssas qrupların, qadınların, əlilliyi olan şəxslərin və ahılların ehtiyaclarını nəzərə alaraq, xüsusi dəstək proqramlarının hazırlanmasının vacibliyini qeyd edən sədr, hazırlanan təlimat barədə fikirlərini bölüşüb.
 
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Siyasi məsələlər üzrə məsul şəxsi Annalisa Giansanti “Qadınlara və qızlara qarşı gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq” kampaniyasının qadınların hüquqlarının müdafiəsi, onların məişət zorakılığından qorunması, səlahiyyətləndirilməsi işinə fokuslandığını qeyd edərək, bu konfransın ahıllar, əlilliyi olan şəxslərə göstərilən xidmət keyfiyyətinin artırılmasını məqsəd seçdiyini söyləyib. O, bu kateqoriyadan olan şəxslərə qarşı ayrı-seçkiliyin aradan qaldırılması, düzgün statistikanın aparılması, dəstək mexanizmlərinin inkişaf etdirilməsi, onların qərarvermədə təmsil olunması üçün addımlar atılması istiqamətində səyləri birləşdirməyin önəmini qeyd edib.
 
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrinin müavini Şahmar Məmmədov çıxışları zamanı hazırlanan vəsaitləri müsbət qiymətləndirərək, faydalı resurs olduğunu bildiriblər.
 
Tədbirdə məişət zorakılığı ilə mübarizə istiqamətində güclü hüquqi bazanın yaradıldığına, mövcud müdafiə mexanizmlərinə diqqət çəkilib, bu sahədə fəaliyyətin səmərəli olduğu qeyd edilib, qarşıya çıxan bir sıra problemləri təhlil edilib, dünya təcrübəsinə əsaslanaraq, tövsiyələr səsləndirilib. Sonda mövzu ilə bağlı fikir və təkliflər dinlənilib, suallar cavablandırılıb.
 






















​​​​​​​