VƏKİLLƏR KOLLEGİYASI RƏYASƏT HEYƏTİNİN
BƏYANATI
Sentyabr ayının 27-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının mülki əhalisinə qarşı törədilən təxribatlara cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin apardığı 44 günlük əks-hücum əməliyyatı müvəffəqiyyətlə başa çatmış, 2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edilmiş, uzun illər davam edən işğala son qoyulmuşdur.
Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalı altında olan tarixi Azərbaycan torpaqları azad edildikcə, bütün dünya erməni terrorunun daha bir üzü – mədəni, tarixi və ekoloji vandalizmin şahidi oldu. Erməni faşistləri boşaltdıqları ərazilərdə evləri, məktəbləri, tarixi-mədəni abidələri dağıdır və talayır, meşələri yandırır, ağacları kəsərdilər. İki il əvvəl torpaqlarımız 30 illik işğaldan azad edildi. İşğal illərində Ermənistan sistemli şəkildə Azərbaycana aid mədəni sərvəti dağıdıb, qanunsuz şəkildə mənimsəyib. Ermənistanın mədəni irsimizə qarşı törətdikləri cinayətlər beynəlxalq humanitar hüquq normalarını, UNESCO prinsiplərinin, beynəlxalq konvensiyaların pozulmasıdır.
Qeyd edək ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı ekoloji cinayətlər bu gün də davam edir. Belə ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı ekoloji fəsadlar törətməkdədir.
Baş verənlərlə bağlı Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər, vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilir. Azərbaycanlılar tərəfindən Qarabağda keçirilən etiraz aksiyası artıq ikinci gündür ki, davam edir.
Bununla əlaqədar vətəndaş cəmiyyəti nümayəndələrinin beynəlxalq və milli qanunvericiliyə müvafiq olaraq dinc şəkildə həyata keçirdiyi aksiyaya Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlı kontingentinin mane olma cəhdlərini qəti şəkildə pisləyir, onları Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə uyğun fəaliyyət göstərməyə dəvət edirik.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası olaraq, Ermənistan tərəfindən törədilən ekoloji cinayətlərin aradan qaldırılması ilə bağlı aksiya keçirən azərbaycanlı aktivistlərə, ekologiya üzrə qeyri-hökumət təşkilatlarına və vətəndaş cəmiyyəti nümayəndələrinə dəstəyimizi ifadə edir, o cümlədən Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazilərində ekoloji cinayətlər və sərvətlərimizin talan edilməsi kimi cinayət əməllərinə son qoymasını tələb edir, beynəlxalq qurumları və beynəlxalq qeyri-hökumət təşkilatlarını həmin cinayətləri və bu hərəkətləri kəskin şəkildə qınanılmasına və bu aksiyaya dəstək verilməsinə çağırırıq.