10 Dekabr - İnsan Hüquqları Günü və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümü ilə əlaqədar, BMT-nin Azərbaycandakı nümayəndəliyi, Ombudsman Aparatı və BDU-nun Hüquq fakültəsi ilə birgə tədbir keçirilmişdir.
Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso, Ombudsman Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinin dekanı Zaur Əliyev və digər dövlət qurumlarının, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətlərinin nümayəndələri çıxış etmişdirlər.
Çıxışlar zamanı bəzi dövlətlər tərəfindən insan hüquq və azadlıqlarının pozulmasına səbəb olan irqçilik, dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarının artması, beynəlxalq təşkilatların buna biganə qalması və digər məsələlər tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.
Həmçinin Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün, məcburi köçkünlərin 30 ilə yaxın müddət ərzində pozulmuş hüquqlarının bərpasından bəhs edilmişdir.
Daha sonra Bakı Dövlət Universiteti Hüquq Fakültəsinin tələbələri humanrightsday.az səhifəsini və insan hüquqlarının təminatında təhsilin önəmini vurğulayan “Sosial teatr” tamaşasını tədbir iştirakçılarına təqdim ediblər.
Tədbirin sonunda 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı - 20 il!” mövzusunda elan olunan jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.