100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilmişdir

16 December 2022    1955 share share

Dekabrın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Rəyasət Heyətinin sədri Anar Bağırov Heyətə yeni seçilən üzvləri təbrik edərək onlara uğurlar arzulamışdır. O, yeni üzvlərin öz bilik və bacarıqları ilə vəkilliyin inkişafına töhfə verəcəklərinə əminliyini vurğulamışdır.
 
"Bizim əsas məqsədimiz Azərbaycanda vəkillik peşəsini tanıtmaq olmuşdur. Çox təəssüf ki, 2018-ci ilədək Vəkillər Kollegiyası təşkilat olaraq tanınmamışdır. Kollegiya nə ölkə səviyyəsində, nə də beynəlxaq səviyyədə özünü tanıda bilmişdir. Son 5 il ərzində bizim əsas hədəfimiz ondan ibarət olmuşdur ki, ölkəmizdə vəkillik peşəsi tanınsın, eyni zamanda vəkilliyə maraq artsın. Gənclər, yeni nəsil hüquqşünaslar vəkilliyə üz tutsun. Vəkillər Kollegiyası institutisional baxımdan güclənsin, nüfuzu artsın. Zənnimcə, biz bütün bu hədəflərə nail ola bilmişik. Təbii ki, dövlətin, cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi olmadan bütün bunlara nail olmaq qeyri-mümkün olardı. Biz hər zaman bu dəstəyi, qayğını hiss etmişik. Məhz bunun nəticəsində vəkilliklə bağlı çox ciddi normativ hüquqi aktlar qəbul olunmuşdur və biz bu gün də bu işi davam etdiririk, yeni layihələr hazırlayırıq. Çalışacağıq ki, növbəti 5 ildə vəkillik fəaliyyətində mövcud olan boşluqlar aradan qaldırılsın, vəkillər daha peşəkar və sərbəst formada fəaliyyət göstərə bilsinlər. Hesab edirəm ki, bunun üçün bütün imkanlarımız mövcuddur", - deyə sədr qeyd edib.
 
Daha sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş 5 vəkilliyə namizədin andiçmə mərasimi keçirilmişdir.
 
Bundan başqa, iclasda "Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi", "Gənc vəkillər komitəsi" və "Fərdi vəkillərin koordinasiyası komitəsinin təsis edilməsi məsələsinə baxılmış və müsbət qərar qəbul edilmişdir.
 
Daha sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova "Ekosid" cinayətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə olunması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi barədə məruzə ilə çıxış etmişdir.
 
İclasda, həmçinin Vəkillərin İxtisas Komissiyasının vəkil olan üzvlərinin yeni tərkibi təyin edilmişdir. Belə ki, vəkillər Hüseynov Turqay İmamqulu oğlu, Həsənov Fərid İzafət oğlu, Məhərrəmov Oktay Əvəz oğlu, Rüstəmzadə Ayxan Xankişi oğlu, Mirzəyev Şaiq Səyyad oğlu Komissiyanın yeni üzvləri kimi təyin olunmuşlar.
 
Eyni zamanda iclasın gündəliyinə uyğun olaraq vəkillərin başqa vəkil qurumuna keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunma və sairə məsələlərə baxılmışdır.
 
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılmış, müvafiq qərarlar verilmişdir.
 
Sonda Kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən bir sıra məsələlər müzakirə edilmişdir.