Dünən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişatı, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat vermişdir.
İclasda vəkillərin başqa vəkil qurumuna keçmək, bir sıra vəkillərin mükafatlandırılması ilə bağlı məsələlərə baxılmış, o cümlədən, iyul ayı üçün Bakı şəhəri və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin növbətçilik siyahısı təsdiq edilmişdir.
Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş vəkilliyə namizədlərin Kollegiya üzvlüyünə qəbul məsələsinə baxılmış və müsbət qərar verilmiş, həmin şəxslər iclasda vəkil andı içmişlər.
İclasda “Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə”
Qaydalar təsdiq edilmiş, nağdsız hesablaşmaların cari ilin oktyabr ayının 1-dən etibarən tətbiq edilməsi qərara alınmışdır.
Bundan əlavə, iclasda vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərə 30 iyul 2019-cu il tarixdə, Azərbaycan vəkilliyinin 100 illiyinin təntənəli qeyd olunması ilə bağlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi, aztəminatlı ailələrə və sosial təyinatlı obyektlərə baş çəkilməsi tövsiyə edilmişdir.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılmışdır.