Son 3 ay ərzində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir sıra mühüm beynəlxalq tədbirlərdə təmsil olunmuşdur.
Kollegiyanın sədri Anar Bağırov 27 oktyabr 2020-ci il tarixində UIA (Beynəlxalq Hüquqşünaslar Assosiasiyası) təşkilatına üzv olan Vəkillər Kollegiyalarının rəhbərlərindən ibarət illik UIA Baş Assambleyasında iştirak etmişdir. Tədbidə UIA təşkilatına yeni prezidentin və icra komitəsinin seçilməsi, o cümlədən 1 illik fəaliyyət bağlı bir çox məsələlər müzakirə olunmuşdur.
Bundan başqa, 30 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Elçin Usub, Alman Vəkillər Kollegiyaları Birliyinin veb konfransında iştirak etmişdir. Tədbirdə Almaniya Konstitusiya Məhkəməsinin PSPP qərarından sonra Ultra Vires-Scutiny - imkanları və riskləri müzakirə olunmuşdur.
25 noyabr 2020-ci il tarixdə Vəkillər Kollegiyasının Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri UIA təşkilatı tərəfindən Vəkillər Kollegiyaları üzvlərinin «hazırki COVID-19 pandemiyasından sonra mənəvi və psixoloji sağlamlıqlarını qoruma mexanizmləri, yardım mexanizmləri və çətin anlarda stresi idarə etmək» ilə bağlı təşkil olunmuş tədbirə qatılmışdır.
Bundan əlavə, Vəkillər Kollegiyası sədrinin müşaviri Fərhad Nəcəfov 27 noyabr tarixində Qazaxıstan Beynəlxalq Hüquqşünaslar Forumunun beynəlxalq tədbirində iştirak etmişdir. Bu tədbirin əsas mövzusu rəqəmsallaşdırma və vəkil: qanunun aliliyi, ədalət və insan hüquqlarının qorunması üçün yeni çağırışlar olmuşdur.
Daha sonra, Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktoru Şahmar Məmmədov 17 dekabr tarixində UIA-in “ictimai hüquq təhsilinin təşviqi üçün atılan addımlar” açıq forumunda iştirak etmişdir. O, bu tədbirdə Kollegiyanın tədris mərkəzi, icbari təlimlər, ixtisasartırma kursları, vəkil və vəkil köməkçiləri üçün təlimlər, hüquq təhsilinin təşviqi və s. ilə bağlı aktual olan digər mövzular haqqında danışmışdır.
Son olaraq, burada da həmçinin qeyd etmək istərdik ki, bildiyiniz kimi 13 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası nəhayət ki, LAWASIA təşkilatına üzv qəbul olunmuşdur. LAWASIA təşkilatı 5 qitəni əhatə edən, hüquq peşəsinin maraqları və problemləri ilə bağlı fəaliyyət göstərən, hakim, vəkil və hüquq təşkilatlarının üzv olduğu assosiasiyadır və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası isə, MDB və Şərqi Avropa regionunda LAWASIA-ya üzv olan ilk Vəkillər Kollegiyasıdır.