100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının dəstəyi ilə Konstitusiya Məhkəməsində keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibi məlum oldu

22 December 2023    1003 share share

22 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tam dəstəyi ilə həyata keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının 9-cu buraxılışının final mərhələsi keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev iştirakçıları salamlayaraq final mərhələsinə yüksələn komandaları təbrik edib və onlara uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası tələbələrin inkişafında müstəsna əhəmiyyətə malikdir. Bu tip yarışlarla tələbələr nəzəriyyədə əldə etdikləri bilik və bacarıqları praktikada tətbiq etməyi öyrənirlər. Ümid edirəm ki, bu qəbildən olan layihələr davamlı olacaq. 

Sonra çıxış edən Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, “Rödl & Partner” şirkətinin partnyoru, vəkil Elçin Usub bildirib ki, Kollegiya ilə ELSA Azərbaycan arasında qurulan səmərəli əməkdaşlıq uğurla davam edir. O, atıq uzun illərdir ki, Kollegiya ilə ELSA arasında əməkdaşlıq münasibətlərinin olduğunu qeyd edib. Vurğulanıb ki, Kollegiya hər zaman gənclərə dəstək olmağa hazırdır. 

Final mərhələsində ərizəçi qismində “Stronsium”, dövlət tərəfinin nümayəndəsi qismində isə “Libertas” komandası çıxış ediblər.

Finalistlərin çıxışları hakimlər tərəfindən qiymətləndirilib və nəticədə “Libertas” komandasının üzvləri qalib elan olunub. “Stronsium” komandasının üzvləri isə II yerə layiq görülüblər.  

Müsabiqənin sonunda qaliblərə 500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilib və “Rödl & Partner” konsaltinq şirkətində təcrübə imkanı, ikinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafatı və sertifikat təqdim olunan kouçinq seansı və sertifikat verilib. 

Tədbirdə həmçinin “Ən yaxşı natiq” müəyyən olunub və qiymətləndirilmənin nəticəsində həmin nominasiyaya “Libertas” komandasının üzvü Kənan Bağırov layiq görülüb.