Yanvarın 29-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasında (ARVK) ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) ölkəmizdə növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Seçki Müşahidə Missiyasının (SMM) hüquqi analitiki Svetlana Chetaikina ilə görüş keçirilib.
Qonaqları salamlayan Kollegiyanın sədri Anar Bağırov rəhbərlik etdiyi qurumun son illərdəki fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, müxtəlif yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrdən danışaraq, bu istiqamətdə xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu deyib.
Görüşdə ARVK-nın Baş katibi Bayram Orucov təqdimatla çıxış edərək son dövrlər Kollegiyada görülən işlərin hesabatlılığını təqdim edib, beynəlxalq təcrübədən, o cümlədən sıx əməkdaşlıq çərçivəsində ərsəyə gətirilən bir sıra layihələrdən söhbət açıb.
Daha sonra SMM-in hüquqi analitiki Svetlana Chetaikina Missiyasının məqsədini, fəaliyyətini, Azərbaycana səfərlərinin və keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Həmçinin, görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüşdə ARVK Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nərmin Abbasova və SMM-in Aparıcı hüquqi analitikinin köməkçisi Səyyad Yusifli də iştirak edib.