Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən Bakı şəhərində, bölgələrdə və sosialyönümlü digər ünvanlarda minlərlə aztəminatlı şəxslərə mütəmadi olaraq pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
Belə ki, cari ilin mart ayının 2-də aksiya ilə əlaqədar Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Şamaxı rayonunda səfərdə olublar.
Səfər iştirakçıları Şamaxı Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşlara hüquqi məsləhətlər verib, habelə müvafiq yazılı sənədlər tərtib edib. Eyni zamanda mülki, ailə və inzibati işlərə dair məsləhətlər verib.
Vətəndaşlar tərəfindən edilən müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, torpaq mübahisələri, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Sonda vətəndaşlar göstərilən hüquqi yardımdan məmnunluqlarını ifadə ediblər.