Məlum olduğu kimi, vəkillik fəaliyyətinin elektronlaşdırılması, vətəndaşların vəkillərə çatımlılığı və hüquqi yardımın keyfiyyətinin daha da artırılması istiqamətində hazırlanaraq fəaliyyətə başlayan “Elektron vəkil orderi” sistemindən aktiv istifadə edilir. Vəkillərin işinin asanlaşdırılması, vaxt itkisinin qarşısının alınması və vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə hazırlanan sözügedən sistem ötən ilin noyabr ayından pilot layihə kimi start götürüb və bu ilin aprelindən etibarən isə bütün bürolarda uğurla həyata keçirilir.
Bu müddət ərzində “Elektron vəkil orderi” vasitəsi ilə 19 Vəkil Bürosunda 828, habelə fərdi vəkilliklə fəaliyyət göstərən vəkillər isə 35 elektron müqavilə bağlayıb.
Beləliklə, qısa müddət ərzində ümumilikdə 863 elektron müqavilə bağlanaraq Vəkillər Kollegiyası informasiya kommunikasiya texnologiyaları sahəsində yeni uğura imza atıb.
Bildirmək istərdik ki, bundan sonra da elektron qaydada bağlanmış müqavilələr üzrə əldə olunan orderlərin aylıq statistikası barədə məlumat veriləcək.
Qeyd edək ki, məlum olduğu kimi, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 mart 2024-cü il tarixli iclasında, “Elektron vəkil orderi” cari ilin aprel ayından ilin sonuna qədər kağız daşıyıcı ilə paralel olaraq, növbəti ildən isə məcburi qaydada istifadə edilməsi barədə qərar verilib.