100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillər Kollegiyasının nümayəndəsi “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib

24 June 2024    458 share share

Cari ilin 21-22 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı respublika konqresi keçirilib.

Festival-Konqresdə Vəkillər Kollegiyasını Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev təmsil edib.

Festival-Konqresin ikinci günü “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” mövzusunda bölmənin iclasında bölmə rəhbəri olaraq açılış nitqi ilə çıxış edən professor Əmir Əliyev bütün iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Professor həmçinin “Qərbi Azərbaycandan deportasiya edilmiş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası istiqamətində mədəni irsin qorunması” mövzusunda məruzə ilə çıxış edərək müvafiq sahədə geniş hüquqi təhlillər aparıb.

Sonra plenar iclasda Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov, Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Mələkxanım Rəhimova, Kollegiyanın üzvü Daşqın Qənbərov çıxış edərək “Qərbi Azərbaycana şərəfli və təhlükəsiz qayıdış” istiqamətində məruzələr səsləndiriblər.