Cari il avqust ayının 24-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə növbəti hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və “Elektron order” layihəsi üzrə keçirilən uğurlu təlimlər, o cümlədən bu sahədə olan yeniliklər, habelə qeyd edilən yeniliklərin praktikada düzgün tətbiqinin vəkillər üçün əhəmiyyəti barədə danışıb.
Təlimçi qismində çıxış edən Vəkillər Kollegiyasının və “Elektron vəkillik” Komitəsinin üzvü Həmid Əhmədov “Elektron order” xidmətləri və bu sahədə tətbiq olunan yeniliklər barədə təlim iştirakçılarına ətraflı məlumat verib. O cümlədən müqavilənin bağlanması, xitamı və digər əlaqəli məsələlər üzrə yarana biləcək çətinliklər barədə çıxış edən təlimçi sonda iştirakçıları maraqlandıran sualları cavablandırıb.
Eyni zamanda təlimdə əyani qaydada iştirak edən “Elektron vəkillik” Komitəsinin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov “Elektron order” layihəsi üzrə vəkilləri maraqlandıran məsələlər barədə müvafiq sahədəki təcrübəsini bölüşüb.
Təşkil olunmuş hibrid təlimdə büro müdirləri – Zaur Abiyev, Ədalət Verdiyev, Xalidə İsayeva, Mətanət Həsənova, Fuad Kərimov daxil olmaqla 21 vəkil əyani, 52 vəkil (ümumilikdə 73 vəkil) distant qaydada iştirak edib.