Cari il sentyabr ayının 7-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Elektron order” layihəsi üzrə əyani və distant qaydada növbəti 2 təlim keçirilib.
Açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun və Akademiyanın rektoru Əmir Əliyevin adından salamlayıb və onlara uğurlar arzulayıb.
Günün ilk təlimi Vəkil Bürolarında fəaliyyət göstərən mühasiblər, o cümlədən Kollegiyanın digər üzvləri üçün təşkil edilib. Təlimdə “Elektron vəkillik” Komitəsinin üzvü, “Fortiori” Vəkil Bürosunun müdiri Sənan Şirinov “Elektron order” xidmətləri və digər texniki məsələlər barədə iştirakçıları məlumatlandırıb. O cümlədən sahə üzrə mühasiblərin bilməli olduqları xüsusi məqamlar təlimçi tərəfindən qeyd olunub, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Layihə üzrə günün növbəti təlimində isə təlimçi qismində Vəkillər Kollegiyasının üzvləri - Anar Əsədov və Zinyət Ağamalıyeva çıxış ediblər. Vəkillər tərəfindən elektron müqavilə və orderin bağlanması, dəyişdirilməsi, habelə ləğvi, elektron orderin əldə edilməsi və s. texniki məsələlər barədə iştirakçılar məlumatlandırılıb.
Eyni zamanda müvafiq sahə üzrə səsləndirilən suallara geniş izahlar verilib.
Büro müdirləri - Ceyhun Daanov, Zeyqam Hüseynov, Abbas Atakişi, Anar Qasımlı, Xalidə İsayeva, Mətanət Həsənova, Ziya Kazımov, o cümlədən Vəkil Bürolarında fəaliyyət göstərən mühasiblər də daxil olmaqla, birinci təlimdə 58 nəfər, ikinci təlimdə isə 149 nəfər iştirak edib.