Cari il noyabrın 2-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Vergi cinayətlərində müdafiə üsulunun seçilməsi və vəkilliyin xüsusiyyətləri” mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlimin işinə müvəffəqiyyətlər arzulayıb.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun müdiri Elxan Süleymanlı vergi cinayətlərinin xarakteristikası, qeyd olunan mövzuda seçilmiş müdafiə üsulu, o cümlədən Azərbaycan Respublikasının Vergi qanunvericiliyinin müvafiq maddələri, məsuliyyət və digər praktiki məsələlər barədə çıxış edib.
Təlimçi mövzu üzrə mövcud məhkəmə praktikasında qarşılaşdığı işlər barədə öz təcrübəsini bölüşüb və müxtəlif kazuslar səsləndirib.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Usub da daxil olmaqla 64 vəkil distant 15 vəkil (ümumilikdə 79 vəkil) əyani iştirak edib.