Cari il yanvarın 18-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) və UNİCEF-in Azərbaycandakı nümayəndəliyi arasında olan Anlaşma Memorondumuna əsasən “Uşaqyönümlü hüquqi yardım (Uşaqların hüquqlarının cinayət, inzibati və mülki instansiyalarda müdafiəsində vəkilin fəaliyyəti)” mövzusunda Abşeron rayonunda fəaliyyət göstərən vəkillər üçün birgünlük təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayaraq bildirib ki, “Uşaqyönümlü hüquqi yardım” mövzusunda ölkənin müxtəlif regionlarında keçirilən silsilə təlimlər uğurla davam edir.
Həmçinin iştirakçılara “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.
Təlimçi qismində çıxış edən UNİCEF-in eksperti, Vəkillər Kollegiyasının üzvü Rafiq Alışov uşaqyönümlü ədalət mühakiməsi sahəsində beynəlxalq standartlar, uşaqyönümlü hüquqi yardımın əsas və rəhbər prinsipləri, ibtidai istintaqda uşaqyönümlü müdafiə, həmçinin məhkəmə orqanlarında uşaqyönümlü hüquqi yardıma dair vəkillərin fəaliyyəti barədə çıxış edib.
Sonda təlimçi iştirakçıların suallarını cavablandırıb və sahə üzrə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, təlimdə Kollegiyanın 19 üzvü iştirak edib.