Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində vəkillərə növbəti ixtisasartırma təlimləri keçirilib.
12 iyun tarixində “Fərdi məlumatların, kommersiya sirrinin mühafizəsi və hüquqi tənzimlənməsi “GDPR” qaydaları” mövzusunda distant qaydada təşkil edimiş təlimdə Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov təlimçi qismində çıxış edib.
Təlimdə fərdi məlumatlar, onlardan istifadə və buna görə məsuliyyət, kommersiya məlumatlarının yayılması, GDPR qaydaları, kommersiya sirrinin sərhədləri, vəkil sirri kommersiya sirrinin qorunması kimi, Avropa İttifaqında tətbiq olunan fərdi məlumatlarla bağlı prinsiplər və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
13 iyun tarixində “Arbitraj haqqında ümumi məlumat, Milli qanunvericilik və Beynəlxalq təcrübə” mövzusunda distant qaydada təşkil edimiş təlimdə Vəkillər Kollegiyasının üzvləri Fuad Qəşəmov və Günel İsmayılbəyli təlimçi qismində çıxış edib.
Təlimdə arbitraj anlayışı, mübahisələrin həlli üçün konsensual vasitə, mühakimə prosedurlarının istifadəsi, arbitrajın üstünlükləri, arbitraj qərarlarının icra oluna bilməsi, arbitraj prosesinin mənbələri, “Arbitraj haqqında Qanun” barədə ümumi məlumat “UNCITRAL Model Qanunu”, arbitrajda həll edilə bilən, həll edilə bilinməyən mübahisələr və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
17 iyun tarixində isə “İstehlakçı hüquqları” mövzusunda növbəti distant təlimdə Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov təlimçi qismində çıxış edib.
Təlimdə istehlakçı anlayışı, istehlakçıların hüquqları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanun” barədə ümumi məlumat, istehlakçıların vəzifələri, malın və qüsurlu malın dəyişdirilməsi, qaytarılması, istehlakçıların hüquqlarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti, istehlakçı hüquq münasibətlərində aidiyyət məsələsi, xarici ölkələrin təcrübəsində istehlakçıların hüquqlarının tənzimlənməsi və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Təlimlərin sonunda təlimçilər tərəfindən dinləyicilərin sulları üzrə müxtəlif məsələlər qeyd edilib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 63 vəkil iştirak edib.