100 Jeyhun Hajibeyli Str., Baku, AZ1007

Vəkillərə növbəti ixtisasartırma təlimləri keçirilib

01 July 2025    91 share share

Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə vəkillərə növbəti ixtisasartırma təlimləri keçirilib.

20 iyun tarixində “Arbitraja münasibətdə milli məhkəmələrin nəzarət və yardım funksiyaları” mövzusunda distant qaydada təşkil edilmiş təlimdə Vəkillər Kollegiyasının üzvləri Fuad Qəşəmov və Günel İsmayılbəyli təlimçi qismində çıxış edib.

Təlimdə yerli məhkəmələrin arbitrajla bağlı funksiyalarının zaman konteksində mərhələləri, yardım (dəstəkverici) və nəzarət funksiyaları, məhkəmənin müvəqqəti təminat tədbirləri, arbitra etiraz, arbitrın hərəkətsizliyi və ya fəaliyyətinin mümkünsüzlüyü, Bakı Kommersiya və Apellyasiya məhkəmələrinin arbitraja münasibətdə səlahiyyətləri və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

23 iyun tarixində “Arbitraj qərarlarının ləğv edilməsi proseduru”, “Xarici arbitraj qərarlarının tanınması və icrası” mövzularında distant qaydada təşkil edilmiş təlimdə Vəkillər Kollegiyasının üzvləri Fuad Qəşəmov və Günel İsmayılbəyli təlimçi qismində çıxış edib.

Təlimdə milli məhkəmələrin arbitrajla əlaqəli rolu, ləğv və tanınma, arbitraj qərarının ləğv edilməsi, məhkəmənin öz təşşəbüsü ilə nəzərə almalı olduğu əsaslar, arbitraj qərarının publik qaydaya zidd olması, arbitraj qərarının ləğvi ilə bağlı prosessual məsələlər, Nyu-York Konvensiyası (1958), milli arbitraj qanunvericiliyinə əsasən arbitraj qərarının mövcudluğu, tanınmadan imtina üçün əsasların sübut edilməsi öhdəliyi və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

24 iyun tarixində isə “Rəqabət hüququ” mövzusunda növbəti distant təlimdə Vəkillər Kollegiyasının üzvü Allahverən Oruclu təlimçi qismində çıxış edib.

Təlimdə Rəqabət Məcəlləsinin əsas hissələri, rəqabət anlayışı, rəqabətin məhdudlaşdırılması, rəqabəti məhdudlaşdıran üfüqi, kartel və şaquli sazişlər, rəqabəti məhdudlaşdıran uyğunlaşdırılmış hərəkətlər və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Növbəti - 25 iyun tarixində “Süni zəka ilə bağlı hüquqi məsələlər” mövzusunda distant təlimdə Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov təlimçi qismində çıxış edib.

Təlimdə süni intellektin anlayışı, süni intellektdən istifadə, süni intellektlə yaradılan informasiyalar, müqavilələrin hazırlanmasında süni intellektdən istifadə edilməsi, Çin və Estoniya məhkəmələrində süni intellektdən istifadə halları, süni intellektlə yaradıcılıq və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

30 iyun tarixində isə “Hüquqi yazı” mövzusunda növbəti distant təlimdə Vəkillər Kollegiyasının üzvü Zaur Nağıyev təlimçi qismində çıxış edib.

Təlimdə hüquqi yazı prosesi və strukturu, “İRAC və CREAC”, hüquqşünasın bacarıqları, obyektiv və inandırıcı hüquqi yazı, hüquqi rəyin hazırlanması, yazı üçün əsas qaydalar, hüquqi rəyin strukturu və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Təlimlərin sonunda təlimçilər tərəfindən dinləyicilərin sulları üzrə müxtəlif məsələlər qeyd edilib.

Qeyd edək ki, təlimlərdə ümumilikdə 93 vəkil iştirak edib.