Sentyabrın 24-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Alqı-satqı müqavilələri sahəsində məhkəmə təcrübəsi" mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Rubayıl Səfərov alqı-satqı müqavilə münasibətləri, mülki hüquqi öhdəliklər, müqavilə mübahisələrinin həlli, etibarsız müqavilə halları, mövcud sahədə məhkəmə qərarlarının təhlili və digər mühüm məsələləri ətraflı izah edib.
Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 88 üzvü iştirak edib.

