Dekabrın 5-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının hüquqi tənzimlənməsi” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb. Qeyd olunub ki, dövlət satınalmalarının hüquqi tənzimlənməsi müasir idarəetmənin və dövlət maliyyə nəzarətinin ən vacib sahələrindən biridir.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının və Biznes Hüququ Komitəsinin üzvü, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Roman Qaraşov dövlət satınalmalarında prinsiplər, dövlət sifarişlərinin hüquqi tənzimlənməsi sahəsi üzrə mövcud qanunvericilik bazası, hüquqi və etik məsələlər, məhkəmə praktikası və digər əlaqəli məsələlər barədə geniş çıxış edib.
Sonda təlim mövzusu üzrə vəkilləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 49 vəkil iştirak edib.

