30 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Beynəlxalq ümumi hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Rüstəm Məmmədovun 70 illik yubileyinə həsr olunan elmi-təntənəli tədbir keçirilib.
Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbir iştirakçılarını salamlayıb və tanınmış alim və pedaqoq, professor Rüstəm Məmmədovun 70 illik yubileyinə həsr olunan tədbiri açıq elan edib.
Çıxış edən Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov professor Rüstəm Məmmədovun beynəlxalq hüquq elminin, xüsusilə Xəzər dənizinin hüquqi statusunun araşdırılmasına verdiyi töhfələri yüksək qiymətləndirib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov professor Rüstəm Məmmədovun beynəlxalq hüquq üzrə fundamental tədqiqatlarına diqqət çəkərək alimin hüquq elminə töhfələrini yüksək dəyərləndirib.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov professor Rüstəm Məmmədovu “Fəxri vəkil” diplomu və xüsusi vəkil mantiyası ilə təltif edib.
AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru, professor Məsumə Məlikova çıxış edərək professor Rüstəm Məmmədovun elmi-pedaqoji və insani keyfiyyətlərini yüksək qiymətləndirib.
Hüquq və İnsan Haqları İnstitutunun idarə heyətinin sədri Məhəmməd Quluzadə professor Rüstəm Məmmədovun çoxsaylı elmi əsərlərinin mühüm əhəmiyyətindən bəhs edib.
Tədbirdə digər çıxış edənlər - Konstitusiya Məhkəməsinin nümayəndəsi İntiqam Eyvazov, Hüquq fakültəsinin müəllimləri və professor Rüstəm Məmmədovun tələbələri - hüquq elmləri doktoru Turqay Hüseynov, hüquq elmləri üzrə fəlsəfə doktoru Rahim Məmmədov, hüquq elmləri üzrə fəlsəfə doktoru Əlizadə Məmmədov və digərləri onun zəngin yaradıcılıq və pedaqoji irsindən bəhs ediblər.
Tədbirə yekun vuran Hüquq fakültəsinin dekanı Zaur Əliyev professor Rüstəm Məmmədovun Hüquq fakültəsində yüksək ixtisaslı hüquqşünas kadrların hazırlanmasında mühüm rol oynadığını, onun elmi-pedaqoji fəaliyyətinin fakültənin inkişafına əhəmiyyətli töhfələr verdiyini vurğulayıb.
70 illik yubileyi münasibətilə professor Rüstəm Məmmədov Hüquq fakültəsinin fəxri fərmanı ilə təltif edilib.
Tədbirin sonunda professor Rüstəm Məmmədov təşkilatçılara və iştirakçılara təşəkkürünü bildirib.













