Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində vəkillər üçün “Yuvenal ədliyyə və uşaq hüquqlarının müdafiəsi” mövzusunda distant qaydada təlim keçirilib.
Belə ki, cari ilin noyabrın 13-də distant qaydada təşkil olunmuş təlimdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri, baş ədliyyə müşaviri, hüquq elmləri doktoru Mətanət Əsgərova təlimçi qismində çıxış edib.
Təlimdə yetkinlik yaşına çatmayanların cinayət məsuliyyəti, uşaqların ədalət mühakiməsinə çıxış hüququ, bərpaedici ədalət, uşaqyönümlü ədalət mühakiməsi, yetkinlik yaşına çatmayanların hüquqlarının təminatı, uşaqların ədalət mühakiməsinə çıxışı ilə bağlı beynəlxalq sənədlər və digər əlaqəli məsələlər geniş müzakirə edilib.
Təlimin sonunda təlimçi tərəfindən iştirakçıların sualları dinlənilib və müvafiq fikir mübadiləsi aparılıb.
Təlimdə VK-nın 36 üzvü iştirak edib.


