2026-cı il noyabrın 19-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşüb.
Görüşdə Anar Bağırov qonağı salamlayaraq Kollegiyanın fəaliyyəti, son illərdə həyata keçirilən işlər, vəkillik institutunun inkişafı, eləcə də ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları və bu istiqamətdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib.
Sədr VK ilə BMT-nin müxtəlif qurumları arasında formalaşmış səmərəli əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirərək, bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində, Dmitro Şlapaçenko göstərilən səmimi qəbula görə təşəkkürünü bildirərək, BMT-nin ixtisaslaşmış qurumları barədə əlavə məlumat verib.
Görüş çərçivəsində Kollegiya Aparatının Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cavid Məmmədli ötən dövrlərdə görülən işlər, vəkilliyə diqqətin artırılması və bu sahədəki islahatların nəticələri barədə təqdimatla çıxış edərək təfərrüatlı məlumatları qonağın nəzərinə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb.
Yekunda Anar Bağırov qonağa VK-nın rəsmi nəşrlərini hədiyyə edib.




